Ağdərənin Heyvalı kəndində mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır.
Yurd.Media xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyevə Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olarkən məlumat verilib.
Bildirilidi ki, il ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.
Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb.
Sonra Prezident İlham Əliyev kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkdi, yeni evdə yaradılmış şəraitlə tanış oldu.