Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) xüsusi texnika və yük nəqliyyat vasitələrinin idxalı və satışı ilə məşğul olan “Az-Tex-İmport” şirkəti ilə razılaşma əldə edib.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Qurumun tabeliyindəki Regional Su Meliorasiya Xidməti qəza-bərpa və təmir işləri üçün istifadə olunan yükləyici ekskavatorların (bekolader) alqı-satqısı ilə bağlı hazırlıqları başa çatdırıb.
Razılaşmaya görə, şirkət 100 ədəd yükləyici ekskavatoru (bekolader) Regional Su Meliorasiya Xidmətinə 17 milyon 982 min 800 manata satacaq.
Beləliklə, bir ekskavatorun qiyməti təqribən 180 min manat civarında müəyyənləşib.
Qeyd edək ki, “Az-Tex-İmport” MMC 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu ilin aprelində isə şirkətin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışı olub. Müəssisə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirir. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur.