SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Muzey və qoruqlara ödənişsiz giriş hüququnda fərqlər - ARAŞDIRMA

Muzey və qoruqlara ödənişsiz giriş hüququnda fərqlər - ARAŞDIRMA

Azərbaycanda muzey və qoruqlara həmin qurumların əməkdaşlarının və peşəkar bələdçilərin hansı hallarda ödənişsiz ziyarət hüququna malik olması ilə bağlı fərqli yanaşmalar mövcuddur. Qanunvericilik bu sahədə müəyyən güzəştlər nəzərdə tutsa da, muzeylərin və qoruqların tabelik və hüquqi statusundakı fərqlər bəzən anlaşılmazlıq yaradır.

Sənətşünaslıq elmləri doktoru, dosent Yeganə Eyvazova Yurd.Media-ya bildirib ki, “Muzeylər haqqında” Azərbaycan Respublikası Qanununun IV fəslinin 26-cı maddəsinə əsasən muzey əməkdaşları dövlət muzeylərini və sərgilərini ödənişsiz ziyarət etmək hüququna malikdirlər.

Onun sözlərinə görə, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən İçərişəhər Muzey Mərkəzi bir neçə muzey və memarlıq abidəsini özündə birləşdirir. Qoruq statusu daşımasına baxmayaraq, bu qurum muzey tipli müəssisə hesab olunur və qanunvericiliyə uyğun olaraq digər dövlət muzeylərinin əməkdaşları tərəfindən ödənişsiz ziyarət edilə bilər. Lakin İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsindən mövzu ilə bağlı açıqlama almaq mümkün olmayıb.

Sənətşünaslıq elmləri doktoru, dosent Yeganə EyvazovaSənətşünaslıq elmləri doktoru, dosent Yeganə Eyvazova

Y.Eyvazova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqlar isə təbiət qoruqları hesab olunur. Bu ərazilərdə fəaliyyətin təşkili və tənzimlənməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir və onların hüquqi statusu muzeylərdən fərqlənir.

Ekspert əlavə edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən muzeylər 2022-ci ildən etibarən Mədəniyyət Nazirliyinin tabeliyinə verilib və hazırda dövlət muzeyi statusunda fəaliyyət göstərirlər.

Mədəniyyət Nazirliyindən isə Yurd.Media-ya bildirilib ki, Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun müvafiq sertifikatlaşdırma prosesindən keçmiş peşəkar bələdçilər də dövlət muzeylərini ödənişsiz ziyarət edə bilərlər.

Dövlət Turizm Agentliyindən Yurd.Media-ya bildirilib ki, “Muzeylər haqqında” Azərbaycan Respublikası Qanununun IV fəslinin 26-cı maddəsinə uyğun olaraq, muzey əməkdaşları Agentliyin tabeliyində fəaliyyət göstərən muzeyləri ödənişsiz ziyarət edə bilərlər. 

Bununla yanaşı, şəhid ailələrinin birinci dərəcəli üzvləri, müharibə veteranları və qazilər, onların birinci dərəcəli ailə üzvləri, əlilliyi olan şəxslər, məktəblilər, azyaşlı uşaqlar, xarici ölkə vətəndaşlarının 12 yaşa qədər olan uşaqları Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və muzeyləri ödənişsiz ziyarət etmək hüququna malikdirlər.

Dövlət Turizm Agentliyi tərəfindən idarə olunan qoruqlarda fəaliyyət göstərən muzeylər sırasında Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğundakı Hamam Muzeyi, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğundakı Tarix-Diyarşünaslıq Muzeyi, Xınalıq Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğundakı Tarix-Diyarşünaslıq Muzeyi, eləcə də Yuxarı Baş Milli Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi və Şəki Rəsm Qalereyası yer alır.

Beləliklə, Azərbaycanda muzey və qoruqların hüquqi statusları fərqlidir. Dövlət muzeylərinin əməkdaşları üçün nəzərdə tutulmuş ödənişsiz giriş hüququ bütün qoruqlara şamil edilmir və bu məsələ hər bir qurumun tabeliyi və hüquqi statusu əsasında tənzimlənir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları