Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları ilə keçirilən attestasiya ilə bağlı məlumatlandırıcı görüş iştirakçıların narazılığı ilə yadda qalıb.
Yurd.Media-ya daxil olan məlumata görə, Bakı şəhərində yerləşən 23 nömrəli 11 illik Musiqi Məktəbində təşkil olunan görüşdə Mədəniyyət Nazirliyinin rəsmilərinin iştirakı gözlənilsə də, onların əvəzinə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının iki əməkdaşı qatılıb. Onların attestasiya komissiyasının üzvləri kimi təqdim edildiyi bildirilir.
Görüşdə iştirak edən kitabxana əməkdaşlarının sözlərinə görə, tədbir gərgin atmosferdə keçib. İştirakçıların ünvanladıqları sualların əksəriyyəti cavabsız qalıb, Milli Kitabxananın əməkdaşları isə səsləndirilən suallar qarşısında ətraflı izah verməkdə çətinlik çəkiblər.
Belə ki, attestasiyanın keçirilmə qaydaları, qiymətləndirmə meyarları və prosesin nəticələri ilə bağlı bir sıra məqamlar açıq qalıb.

Mədəniyyət Nazirliyi isə yaydığı rəsmi məlumatda görüş zamanı attestasiyanın məqsədi, keçirilmə qaydaları və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verildiyini, iştirakçıları maraqlandıran sualların cavablandırıldığını bildirib. Nazirlik həmçinin qeyd edib ki, iştirakçıların təklif və təşəbbüsləri dinlənilib və bu formatda görüşlər gələcəkdə də davam etdiriləcək.
Elə nazirliyin rəsmi səhifəsində paylaşıma gələn şərhlər də real mənzərəni nümayiş etdirir.
https://www.instagram.com/p/DZxN8tmiDfs/?igsh=MTg4cGMweXN2NzRj&img_index=2