Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti
XX əsrin əvvəlləri Azərbaycanın ictimai, siyasi və mədəni həyatında dönüş nöqtəsi olmuşdur. Bu tarixi dövrün ən böyük xidmətlərindən biri milli dilin, təhsilin və incəsənətin institusional strukturlarla qovuşdurulması idi. Bu hərəkatın mərkəzində duran da məhz Üzeyir Hacıbəyli olmuşdur. Elə bu mövzunu seçməkdə məqsədim də Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar, publisist və pedaqoq Üzeyir Hacıbəylinin yalnız bəstəkar kimi deyil, həm də musiqi təhsilinin və pedaqoji fikrin formalaşmasında mühüm rol oynamış bir şəxsiyyət kimi fəaliyyətini diqqətə çatdırmaqdır. Çünki Üzeyir bəy aydın dərk edirdi ki, peşəkar musiqi təhsili mili zəmində formalaşmazsa, o, geniş xalq kütlələri üçün yad və əlçatmaz olaraq qalacaqdır.
Qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəylinin şəxsiyyət və peşəkar musiqiçi kimi formalaşmasında 1899–1904-cü illərdə təhsil aldığı Zaqafqaziya Qori Müəllimlər Seminariyası xüsusi rol oynamışdır. Qori Müəllimlər Seminariyası təkcə adi bir təhsil ocağı deyil, həm də dövrün qabaqcıl Avropa pedaqoji metodikasının, tədqiqatçılıq və maarifçilik ideyalarının praktiki şəkildə həyata keçirildiyi ideoloji mərkəz idi. Seminariyada tələbələr nəzəri biliklərlə yanaşı, təlimin metodiki və praktiki əsaslarını mənimsəyir, not savadı, xor dirijorluğu və müxtəlif alətlərdə ifa etməyi öyrənirdilər. Seminariyada mənimsədiyi pedaqoji prinsiplər bəstəkarın gələcək musiqi-pedaqoji fəaliyyətinin əsasını təşkil etdi.
Yan Amos Komenski və İohan Henrix Pestalotsinin təlimlərinə əsaslanan bu prinsip sadədən mürəkkəbə, mücərrəddən konkretə, məlumdan məchula doğru qurulmasını tələb edirdi. Hacıbəyov həm bu prinsipi, həm də K.D.Uşinskinin “anadilli məktəb ideyasını” musiqi nəzəriyyəsinin tədrisinə də tətbiq etdi.
Musiqinin ana dilində tədrisi isə iki əsas istiqamətdə həyata keçirilirdi:
Birinci istiqamət- Avropa musiqi nəzəriyyəsinin latın, italyan, fransız və alman mənşəli terminlərini milli təhsil mühitinə gətirərək onları sadə və anlaşıqlı şəkildə Azərbaycan dilində izah etmək.
İkinci istiqamət- əsrlər boyu şifahi şəkildə yaşayan muğam terminologiyasını – mayə, bərməşt, guşə, şöbə, pərdə və s. – elmi-nəzəri çərçivəyə salaraq yazılı musiqi ədəbiyyatına daxil etmək.

Üzeyir Hacıbəylinin musiqi pedaqogikasına ən böyük töhfələrindən biri də nəzəriyyəni təcrübə ilə birləşdirən dərsliklərin, yazılı vəsaitlərin, məqalə və proqramların hazırlanması olmuşdur.
Üzeyir bəyə qədər Azərbaycan musiqisi, xüsusilə muğam və aşıq sənəti əsasən şifahi şəkildə, ustaddan şagirdə ötürülürdü. Üzeyir bəy bu ənənənin qiymətli tərəflərini saxlayaraq onu Avropa not-yazı sistemi ilə birləşdirdi və not savadını ana dilində izah edən metodik göstərişlər və tətbiqi çalışmalar hazırladı.
Bu fəaliyyətin ən mühüm nəticələrindən biri “Azərbaycan xalq musiqisinin əsasları” fundamental əsərinin hazırlanması oldu. Əsər 1945-ci ildə ilk dəfə rus dilində nəşr edilmiş, onun bünövrəsi isə 1920–1930-cu illərin pedaqoji təcrübəsində qoyulmuşdu. Azərbaycan musiqi nəzəriyyəsinin elmi əsaslarının sistemləşdirilməsində mühüm əhəmiyyət daşıyan ən ali professional musiqi dərsliyi və metodiki vəsait olan bu əsərdə Azərbaycan musiqisinin 7 ana ladı – Rast, Şur, Segah, Şüştər, Çahargah, Humayun və Bayatı-Şiraz və köməkçi ladlar elmi-sistemli şəkildə izah edilmişdir. Ladların quruluşu, tetraxordların birləşməsi, intervallar və tonallıqlar əsaslandırılmış, milli ladlar əsasında musiqi əsərləri yazmağın nəzəri və praktiki yolları göstərilmişdir.
Hacıbəyov yalnız dərslik yazmaqla kifayətlənməmiş, hazırladığı tədris-metodiki materialların tətbiq olunacağı təhsil sisteminin yaradılmasına da töhfə vermişdir. Belə ki, 1920-ci illərdə Şərqdə ilk dəfə olaraq Avropa tipli musiqi ali təhsil müəssisəsində Milli Musiqi Şöbəsi açıldı. Burada tədris Azərbaycan dilində aparılır, tar və kamança kimi milli alətlərin not üzrə tədris metodikası tətbiq edilirdi, xalq mahnıları və muğamlar notlaşdırılır, elmi təhlil edilir və tədris materialına çevrilirdi.
Əsrlər boyu yalnız şifahi şəklidə ifa edən xalq musiqiçilərini bir araya gətirərək notla ifa edən orkestr yaratmaq musiqi pedaqogikasında böyük bir inqilab idi. Və Üzeyir bəy bu orkestr üçün xüsusi partituralar və metodiki təlimatlar da yazmalı olurdu.
Demək, Qori Müəllimlər Seminariyasında Avropa pedaqoji fikrini mənimsəyən gənc Üzeyir, sonralar onu milli musiqi mədəniyyətinin xüsusiyyətləri ilə sintez etmişdi. Azərbaycan dilində ilk professional musiqi tədris materiallarını və dərsliklərini yaradaraq ana dili prinsipini musiqi sənətinə və nəzəriyyəsinə tətbiq etdi, şifahi muğam ənənəsini yazılı elmi-nəzəri sistemə keçirməklə Azərbaycan milli musiqisinin öyrənilməsi və gələcək nəsillərə sistemli şəkildə ötürülməsi üçün möhkəm zəmin yaratdı. Goründüyü kimi, Üzeyir bəy Hacıbəyli Azərbaycan musiqisini yaratmaqla yanaşı, bu musiqini öyrədən və öyrənən nəsillər üçün də möhkəm pedaqoji əsas yaratmışdır.
Sonda qeyd etmək istəyirəm ki, Üzeyir Hacıbəylinin müəllifi olduğu dərsliklər, yaratdığı təhsil müəssisələri və tətbiq etdiyi tədris metodologiyası bu gün də Azərbaycanın musiqi təhsil sistemində öz aktuallığını və fundamental əhəmiyyətini saxlamaqdadır. Bu irs göstərir ki, milli musiqi təhsili yalnız öz köklərinə söykənəndə və bunu elmi-pedaqoji metodika ilə birləşdirəndə kütləviləşə və bəşəri dəyərə çevrilə bilər.
Ümumiyyətlə, həm Üzeyir bəyin sağlığında, həm də Üzeyir bəyin vəfatından sonra onun tələbələri tərəfindən hazırlanan bütün dərsliklərdə Üzeyir bəyin əsərlərindən istifadə edilmişdir, Üzeyir bəyin didaktik materiallarına istinad edilmişdir. Buna misal olaraq Səid Rüstəmovun “Tar məktəbi”, Cavahir Həsənovanın “Kamança”, Yeqorova-Seroviçin “Musiqi dərslikləri”, müxtəlif illərdə musiqi məktəblərində direktor vəzifəsində çalışmış və eyni zamanda musiqi dərsliklərinin müəllifləri olan Fatma Səmədova, Fatma Zeynalovanın və bir çox başqalararının tərtib etdikləri “musiqi dərsliklərini” misal göstərə bilərik. Allah dahi Üzeyir bəyə rəhmət eləsin!
TƏRANƏ HƏSƏNOVA
Üzeyir Hacıbəylinin ev-muzeynin kiçik elmi işçisi