SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Üzeyir Hacıbəyli və Azərbaycan professional musiqisinin YARANIŞI - MƏQALƏ

Üzeyir Hacıbəyli və Azərbaycan professional musiqisinin YARANIŞI - MƏQALƏ

  • 18 sentyabr 2026, 09:03

18 sentyabr Azərbaycan musiqi mədəniyyətinin tarixində xüsusi yeri olan əlamətdar gündür. Bu tarix Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, görkəmli bəstəkar, yazıçı, publisist, musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı olaraq ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.

Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli fərmanı ilə təsis olunan Milli Musiqi Günü artıq uzun illərdir ölkəmizin mədəni həyatının mühüm hadisələrindən birinə çevrilib. Hər il bu tarixdə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində konsert proqramları, musiqi gecələri, sərgilər, yaradıcılıq görüşləri və digər tədbirlər keçirilir, milli musiqi irsimizə ehtiram ifadə olunur.

Bu il 18 sentyabr Azərbaycan musiqisinin böyük korifeyi Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü ilə əlamətdardır. Onun adı yalnız bir bəstəkarın adı deyil, bütövlükdə Azərbaycan professional musiqisinin formalaşması və inkişafı ilə bağlı böyük bir sənət məktəbinin adıdır.

Üzeyir Hacıbəyli milli musiqimizin çoxəsrlik ənənələrini Avropa klassik musiqisinin nailiyyətləri ilə əlaqələndirərək yeni yaradıcılıq istiqaməti yaratmışdır. Onun 1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” operası Şərqdə ilk opera olmaqla Azərbaycan musiqi tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Muğamın zəngin imkanları ilə opera sənətinin prinsiplərinin üzvi şəkildə birləşdirilməsi bu əsəri yalnız Azərbaycan deyil, bütövlükdə Şərq musiqi mədəniyyəti üçün mühüm hadisəyə çevirmişdir.

Dahi bəstəkarın yaradıcılıq irsi sonrakı illərdə daha da zənginləşmişdir. “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşid”, “Əsli və Kərəm”, “Harun və Leyla” operaları, “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları Azərbaycan musiqi teatrının inkişafında mühüm mərhələlər təşkil edir. Xüsusilə “Arşın mal alan” əsərinin müxtəlif ölkələrdə nümayiş etdirilməsi milli musiqimizin və Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına geniş imkan yaratmışdır.

Üzeyir Hacıbəylinin sənət irsinin mühüm səhifələrindən birini Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi təşkil edir. Onun yaratdığı musiqi əsərləri bu gün də milli dövlətçilik rəmzlərimizlə, mədəni yaddaşımızla və xalqımızın mənəvi dünyası ilə sıx bağlıdır.

Lakin Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti qarşısındakı xidmətləri yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmır. O, milli musiqi təhsilinin və musiqişünaslıq elminin inkişafında, istedadlı gənclərin yetişdirilməsində, musiqi mədəniyyətinin nəzəri əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb. Yazıçı və publisist kimi də fəaliyyət göstərərək dövrünün ictimai-mədəni məsələlərinə münasibət bildirib, xalqın maariflənməsinə və mədəni tərəqqisinə xidmət edib.

Azərbaycan musiqisinin gücü onun xalqın tarixi və mənəvi yaddaşı ilə bağlılığındadır. Muğamdan aşıq sənətinə, xalq mahnılarından professional bəstəkarlıq məktəbinə qədər zəngin musiqi xəzinəmiz əsrlər boyu xalqımızın duyğularını, həyat tərzini, dünyagörüşünü və milli kimliyini ifadə edib. Üzeyir Hacıbəylinin böyüklüyü də bu irsi qoruyaraq onu yeni bədii imkanlarla zənginləşdirməsindədir.

Musiqi insanları birləşdirən universal sənətdir. Fərqli dillərdə danışan insanlar belə musiqinin yaratdığı hiss və duyğular vasitəsilə bir-birini anlaya bilirlər. Bu mənada musiqi yalnız sənət nümunəsi deyil, həm də xalqlar arasında mədəni dialoqun mühüm vasitəsidir. Azərbaycan musiqisinin dünyada tanıdılması da milli mədəniyyətimizin beynəlxalq səviyyədə təqdim olunmasına xidmət edir.

Milli Musiqi Gününün əsas mahiyyəti də məhz bu zəngin irsə diqqəti yönəltmək, onu qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Bu gün münasibətilə keçirilən tədbirlər yalnız keçmişin musiqi irsini xatırlamaqla kifayətlənmir, həm də müasir Azərbaycan musiqisinin inkişafına, gənc ifaçı və bəstəkarların yaradıcılığının dəstəklənməsinə, milli musiqi ənənələrinin yaşadılmasına xidmət edir.

18 sentyabr münasibətilə mədəniyyət və incəsənət xadimlərinin Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət etməsi də artıq ənənəyə çevrilmiş ehtiram nümunəsidir. Ziyarət zamanı dahi bəstəkarın xatirəsi yad edilir, onun Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətləri bir daha xatırlanır. Bu mənzərə bir daha göstərir ki, Üzeyir Hacıbəylinin yaratdığı sənət irsi yalnız tariximizin bir səhifəsi deyil, bu günümüzün də canlı və mənəvi dayaqlarından biridir.

Aradan uzun illər keçməsinə baxmayaraq, Üzeyir Hacıbəylinin əsərləri səhnələrdə səslənir, musiqi məktəblərində öyrənilir, tədqiqatçılar tərəfindən araşdırılır və yeni nəsil sənətkarlar üçün ilham mənbəyi olaraq qalır. Onun yaradıcılığı milli musiqimizin keçmişi ilə bu günü arasında möhkəm körpü yaradaraq gələcəyə uzanan sənət yolunu müəyyənləşdirir.

Milli Musiqi Günü Azərbaycan xalqının öz musiqi irsinə, böyük sənətkarlarına və milli mədəniyyətinə olan bağlılığının ifadəsidir. Bu əlamətdar tarixdə Azərbaycan musiqisinin inkişafına və təbliğinə töhfə verən bütün bəstəkarları, ifaçıları, musiqi müəllimlərini, tədqiqatçıları, mədəniyyət və incəsənət xadimlərini, eləcə də musiqisevərləri təbrik edir, zəngin musiqi xəzinəmizin daim qorunmasını və yeni nəsillərin yaradıcılığı ilə daha da zənginləşməsini arzulayırıq.

Üzeyir Hacıbəylinin ölməz irsi isə bu yolun ən möhkəm təməllərindən biri olaraq yaşayır. Onun musiqisi Azərbaycan xalqının yaddaşında səslənən, zamanın dəyişməsinə baxmayaraq öz mənəvi gücünü qoruyan əbədi sənət nümunəsidir.

Milli Musiqi Günümüz mübarək!

Nərgiz Qədirova

Üzeyir Hacıbəylinin ev – muzeyinin elmi katibi

 

 

Skat.az - Ev və Avtomobil elanları