Gəncədə Xalq artisti Fəxrəddin Manafov ilə yaradıcılıq görüşü keçirilib.
Yurd.Media-nın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında təşkil olunmuş görüşdə Azərbaycan kinosunun və teatrının sevimli aktyoru xatirələrini bölüşüb, təcrübələrindən danışıb.
Sevənləri ilə səmimi söhbət edən Fəxrəddin Manafov onların suallarını da cavablandırıb.
Səmimi və xoş söhbət ərəfəsində aktyor sənətçi yoldaşlarına, onu görməyə gələn, onu sevən bütün insanlara həmçinin bu cür görüşü təşkil edənlərə təşəkkürünü bildirib.
Sonda Azərbaycan mədəniyyətinin, kino və teatrının inkişafında mühüm rol oynayan sənətçi ilə xatirə şəklləri çəkilib.

Qeyd edək ki, Fəxrəddin Manafov 1955-ci ildə Xankəndidə anadan olub. 16 yaşı olarkən Bakıda Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşüb. Hərbi xidmətdən qayıdıb sənədlərini M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verib və 1975–1980-ci illərdə orada ali təhsil alıb. Tələbəlik illərində, 1976–1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirib. Orada rejissor Vaqif İbrahimoğlu ilə tanış olan F. Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda "Ac həriflər" tamaşasında səhnəyə çıxıb.
Fəxrəddin Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun yaratdığı "Yuğ" teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayıb. Beləliklə, 1989–1993-cü illərdə "Yuğ" Dövlət Teatrında aktyor işləyir. Ona ən çox uğur gətirən teatrda hazırlanan "Şəhriyar" tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu olub.
Fəxrəddin Manafov 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru isə, "Ölsəm… bağışla" və "Təhminə" filmlərindəki rolları gətirib.
1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 2000-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
1 avqust 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2025-ci ildə TÜRKSOY-un "Türk dünyasının ən yaxşı teatr aktyoru" nominasiyası üzrə mükafatına layiq görülüb.
2 may 2025-ci ildə Fəxrəddin Manafov Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilib.