Bu il aprelin 1-nə “Yelo Bank” ASC-nin 48,75 milyon manat problemli kreditləri olub.
Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.
Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 50,3% çoxdur.
Qeyd edək ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrendinq edərək “Nikoil Bank” adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan “Yelo Bank” adına rebrendinq edilib.
2022-ci ilin mart ayınadək “Yelo Bank”ın əsas səhmdarı “Topaz İnvestment Limited” MMC olub. Banka birbaşa nəzarət edən şəxs isə Rusiyanın “Lukoil” şirkətinin sahibi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarət etdiyi bir sıra aktivləri başqa şəxslərə təhvil verib. 2022-ci ilin mart ayından etibarən “Yelo Bank”a birbaşa nəzarət edən şəxs Marina Kulişovadır. Nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ən böyük 2-ci bankı olan “Yelo Bank”ın səhmlərinin 98,94%-i Marina Kulişovaya məxsusdur.