SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Valyuta.azın baş redaktoru: Topladığımız kollektiv ən böyük uğurlarımızdandır

"Valyuta.az"ın baş redaktoru: "Topladığımız kollektiv ən böyük uğurlarımızdandır"

"Biz kiçik bir komanda ilə edə biləcəyimizdən qat-qat artığını bacarmışıq".

Bugün Valyuta.az xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür.

2021-ci il 17 fevral tarixində təsis olunan sayt iqtisadiyyat və maliyyə sahəsində operativ, dəqiq və müstəqil informasiya mənbəyi kimi fəaliyyət göstərir.

Saytın baş redaktoru Aygün Asimqızı yubiley tarixlə bağlı Yurd.Media-ya müsahibəsində bildirib ki, Valyuta.az ötən 5 il ərzində iqtisadi xəbər resursları arasında özünəməxsus yer tutmağı bacarıb:

"Qısa zamanda bunu etmək üçün də həqiqətən böyük zəhmət çəkilib. Əldə olunan nəticə bizim günlük işlərə yanaşmamız sayəsində oldu. Çünki biz işləyəndə, il olaraq yox, gün olaraq yanaşırıq. Düşünürük ki, sabaha maraqlı nə yazımız olacaq? Yəni, bu gün və sabah üçün nə edirsənsə, sənin gələcəyini o formalaşdırır".

O bildirib ki, arzular çoxdur və onları həyata keçirməyə zaman lazımdır:

"Biz kiçik bir komanda ilə edə biləcəyimizdən qat-qat artığını bacarmışıq".

Baş redaktor ən böyük uğurlardan biri kimi uyğun kollektivin toplanılmasını qeyd edib:

"Mən yeni gəldiyim dövrdə Valyuta.az adını çəkəndə, çox adam tanımırdı və suallar verirdi. 3 ilə yaxın zaman keçib və bu gün Valyuta.az dediyimdə, “bəli, tanıyırıq” deyirlər. Yəqin ki, ən böyük uğur budur. Bir də sayt olaraq ən böyük uğurlarımızdan biri uyğun bir kollektiv toplamağımız oldu. Gələn gündən də bunun üçün çalışıram. Birincisi, Azərbaycanda iqtisadi sahədə jurnalist tapmaq məsələsi çətin idi. Biz özümüz öz iqtisadi jurnalistlərimizi yetişdirdik. Bunun özü zaman aldı. Eyni zamanda, bir-biriylə işləməkdən zövq alan, “yorğunsan, mən sənin yerinə işləyərəm” deyə biləcək şəxsləri bir araya gətirmək lazım idi. Zamanla məhz bunu formalaşdıra bildik".

Aygün Asimqızı həmçinin son bir ildə həyata keçirilən işlərdən də danışıb:

"Ötən il video müsahibələr etməyə başladıq, rus dili versiyamız istifadəyə verildi. Hazırda əsas məqsədlərdən biri rus dili versiyanın da daha çox insana tanıdılması və həmin hədəf kütləsini bir araya toplaya bilməkdir. İnanıram ki bunu edəcəyik".

Yurd.Media saytının bütün kollektivi adından "Valyuta.az"da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları