Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi xidməti göstərən "Money Shop" və "MMK-014" MMC-lərin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi qanunvericiliyinin tələblərinin pozulması aşkarlanıb.
Odur ki, hər iki şirkətin vəzifəli şəxsləri ayrı-ayrılıqda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 manat cərimələnib.
Qeyd edək ki, "Money Shop" MMC təxminən 1 il əvvəl dövlət qeydiyyatına alınıb. 660 min manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Əliyeva Rəfiqə Bəhram qızıdır. "Money Shop" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli ev 94-dür.
“MMK-014” MMC isə bu ilin əvvəli valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi 2, ev 2, mənzil 2, fəaliyyət ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45, qanuni təmsilçisi Tural Məhərrəm oğlu Mikayılov, nizamnamə kapitalı isə 660 min manatdır. Bu məbləğ şirkətə paytaxtda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyət göstərməyə imkan verir.