Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə qurumunun vəzifəli şəxsini cərimə edib.
AMB-dən Yurd.Media-ya bildirilib ki, "MJ Finance" ASC bank olmayan kredit təşkilatında (BOKT) aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb.
Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddələrinə əsasən BOKT-un vəzifəli şəxsi isə 2 min manat cərimə edilib.
Qeyd edək ki, “MJ Finance” 2019-cu ildə yaradılıb, ötən ay “MJ Financial Services” adını “MJ Finance” ilə əvəz edib.
BOKT-un nizamnamə kapitalı 5,1 milyon manatdır. Səhmlərinin 70%-i Camal Aydınova, 30%-i isə Mədəd Rüstəmova məxsusdur. Hər iki səhmdarın borcların yığılması fəaliyyəti ilə məşğul olan “KollektA” ASC-də də ayrı-ayrılıqda 40% payı var. Şirkətin direktoru Mövsüm Aydınovdur.