"Algoritma" MMC elektron pul təşkilatı nizamnamə kapitalını iki dəfə artırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə "Algoritma"nın kapitalı 751 min manatdan 1,5 milyon manatadək artırılıb.
Qeyd edək ki, bu ayın əvvəlində elektron pul təşkilatı "Algoritma" MMC Azərbaycan Mərkəzi Bankından (AMB) icrası məcburi göstəriş almışdı.
Məlumata görə, "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Algoritma"ya icrası məcburi olan göstəriş verilmişdi.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ilin mart ayında “Algoritma" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib. Şirkətin direktoru Paşa Osmalıdır.