"Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi 4 min manat cərimə ödəməli olacaq.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumata görə, AMB-nin apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb.
Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən maliyyə qurumunun vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 4 000 manat cərimə olunub.
Qeyd edək ki, "Xalq Kapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır, səhmdarı 100 % "Xalq Bank" ASC-dir. İnvestisiya şirkətinin direktoru Fəridə Laçınovadır.