Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyən edilib.
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib.
Onun sözlərinə görə, BOKT-ların öhdəliklərinin kapitala nisbəti üzrə 1, 3 və 10 misli hədlər nəzərdə tutulub.
Xəyyam İsmayılov qeyd edib ki, hazırda Azərbaycanda BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edir. Tətbiq edilən yanaşmanın əsas məqsədi BOKT-ların cəlb etdikləri vəsaitləri müştərilərə daha yüksək faizlə təqdim etməsinin qarşısını almaq və təşkilatların kifayət qədər kapitala malik olmasını təmin etməkdir.
“Məsələn, BOKT-un kapitalı 5 milyon manatdırsa, onun öhdəlikləri 5 milyon və ya 15 milyon manat səviyyəsində ola bilər. Lakin BOKT-un istehlak kreditləri üzrə faiz dərəcəsi açıqlanan orta faiz dərəcəsi üçün müəyyən edilmiş həddi keçmirsə, bu halda kapitalının 10 mislinə qədər öhdəlik cəlb edə bilər”, – deyə AMB rəsmisi bildirib.
O əlavə edib ki, öhdəliklərini davamlı artıran BOKT-lar əlavə risklər formalaşdırdığı üçün bu sahədə kapital tələblərinin qorunması vacibdir.