Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank BTB” ASC-nin bazasında yaradılan, 2 ay bundan əvvəl lisenziya verdiyi "T-Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını onun öz istəyi ilə ləğv edib.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, bu addım "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 25-ci maddəsinə müvafiq olaraq atılıb.
Qeyd edək ki, bu ilin mart ayında Yurd.Media-nın analitik şöbəsi tərəfindən hazırlanan yazıda "Bank BTB" ASC-nin öz müraciəti əsasında bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi, onun aktivlərinin və öhdəliklərinin isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi 1-cinin sakitcə bağlanması olduğu qeyd olunmuşdu.
Həmçinin, Qanunun 25-ci maddəsinə əsasən, prudensial tələblərə riayət etməməklə AMB-yə təhrif olunmuş hesabatların təqdim olunmasına görə "Fintrend" MMC BOKT-a verilmiş 5 iyun 2014-cü il tarixli, BKT-24 nömrəli lisenziya ləğv edilib.
Qanuna əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir. Bununla da, ölkədə BOKT-ların sayı 53-dən 51-ə düşüb.