SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bank bazarında rəqabət: yüksək kapital tələbi bank sektorunu qoruyur, yoxsa boğur? - ARAŞDIRMA

Bank bazarında rəqabət: yüksək kapital tələbi bank sektorunu qoruyur, yoxsa boğur? - ARAŞDIRMA

Azərbaycanda kommersiya banklarının yaradılması üçün müəyyən edilən yüksək nizamnamə kapitalı tələbi (50 milyon manat) müzakirə mövzusuna çevrilib. Qonşu ölkələrlə, xüsusilə də Gürcüstanla aparılan müqayisələr bu sahədə fərqli yanaşmaların mövcud olduğunu göstərir. Bəzi mütəxəssislər hesab edirlər ki, Azərbaycanda tətbiq edilən yüksək kapital tələbi bank bazarına yeni oyunçuların daxil olmasını çətinləşdirir və bu da sektor üzrə rəqabət mühitinə təsirsiz ötüşmür.

Maliyyəçi-ekspert Namiq Hüseynov bilidirib ki, "Bank BTB" ASC bank olmayan kredit təşkilatına (BOKT) çevrilməklə bazarı tərk etmək üzrədir. Beləliklə, əhalisinin sayı 10 milyondan çox olan Azərbaycanda 21 bank, 4 milyona yaxın insanın yaşadığı qonşu Gürcüstanda isə 17 bank var. Bu da o deməkdir ki, Azərbaycanda hər 500 min nəfərə, Gürcüstanda isə hər 200 min nəfərə bir bank düşür:

"Kəskin fərq ilk növbədə Azərbaycanda yeni bank yaratmaq üçün nizamnamə kapitalı tələbinin Gürcüstanla müqayisədə 55-60% çox - 50 milyon manat olması ilə bağlıdır. 2012-ci ilə qədər bu məbləğ 10 milyon manat təşkil edib. 5 dəfə artım nəticəsində ölkədə bankların sayı 2 dəfədən çox azalıb.

Bu məsələdə manatın 2015-ci ildəki ikili devalvasiyası da az rol oynamayıb. Son 10 ildə əksər kiçik banklar kapitalının böyük hissəsini itirərək bazardan çıxmalı olub. Bu isə sektorda rəqabət mühitini zəiflədib, yüzlərlə bank mütəxəssisinin işsiz qalmasına səbəb olub. Odur ki, bazar iştirakçılarının sayını artırmaq üçün kapital tələbi azaldılmalıdır. Gürcüstandan söz düşmüşkən, bu ölkədə kommersiya bankı yarada bilməyənlər 5 dəfə az məbləğlə, bizim pulla 6-7 milyon manatla mikrobank da yarada bilirlər. Söhbət BOKT-dan deyil, səlahiyyətləri məhdud olan bankdan gedir. Hazırda qonşu ölkədə iki mikrobank var".

Maliyyəçi-ekspert Namiq HüseynovMaliyyəçi-ekspert Namiq Hüseynov

İqtisadçı Asif İbrahimov Yurd.Media-ya bildirib ki, burada əsas məsələ tələbin tam şəkildə aşağı salınması deyil, bazarın strukturuna uyğun daha çevik və mərhələli modelin formalaşdırılmasıdır:

"Yüksək giriş baryerləri bank sektorunda rəqabəti məhdudlaşdırır, yeni innovativ maliyyə institutlarının yaranmasını zəiflədir və nəticədə kredit faizləri, xidmət haqları kimi məsələlərdə istehlakçı seçimlərini azaldır. Azərbaycanda bank bazarın böyük hissəsi bir neçə iri bankın əlində cəmləşib. Bu isə xüsusilə regionlarda, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində alternativlərin məhdud qalmasına səbəb olur. Daha aşağı kapital tələbi ilə fəaliyyət göstərə bilən ixtisaslaşmış və ya məhdud lisenziyalı bank modelləri müəyyən dinamika yarada bilər".

İqtisadçı Asif İbrahimovİqtisadçı Asif İbrahimov

İqtisadçı vurğulayıb ki, Gürcüstandakı mikrobank modeli Azərbaycan üçün maraqlı alternativ hesab oluna bilər:

"Həmin model kiçik kapital ilə fəaliyyət göstərən, əsasən mikro və kiçik biznesin maliyyələşdirilməsinə fokuslanan institutların formalaşmasına imkan verir. Belə yanaşma həm maliyyə inklüzivliyini artırır, həm də bank sektorunda rəqabəti gücləndirir. Lakin burada mühüm məqam ondan ibarətdir ki, kapital tələblərinin yumşaldılması nəzarət mexanizmlərinin zəiflədilməsi anlamına gəlməməlidir. Əksinə, risk əsaslı nəzarət, korporativ idarəetmə standartları, prudensial tələblər və keyfiyyət meyarları daha da yüksəldilməlidir. Bank sektoruna daxil olmaq istəyən qurumların yalnız maliyyə imkanları deyil, həm də idarəetmə keyfiyyəti, texnoloji hazırlığı, şəffaflıq səviyyəsi və risklərin idarə olunması bacarıqları ciddi qiymətləndirilməlidir. Əks halda, zəif idarə olunan və dayanıqsız maliyyə institutlarının yaranması gələcəkdə sektor üçün əlavə risklər yarada bilər. Buna görə də kapital tələblərinin müəyyən qədər optimallaşdırılması keyfiyyət standartlarının sərtləşdirilməsi ilə paralel aparılmalıdır".

A.İbrahimov onu da qeyd edib ki, həm bazarda rəqabəti artırmaq, həm də maliyyə xidmətlərinin əlçatanlığını genişləndirmək üçün klassik banklarla yanaşı mikrobank, rəqəmsal bank və regional ixtisaslaşmış maliyyə institutları üçün ayrıca hüquqi çərçivənin yaradılması daha məqsədə uyğun ola bilər.

İqtisadçı Eldəniz Əmirov isə Yurd.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda mikrobank tipli bank saxlamaq daha çətin olar:

"Gürcüstanda 17 bank var, onların içərisində mikrobanklar var, mikrobanklara da cəmi il yarım bundan əvvəl ilk lisenziyası verilib. Azərbaycanda isə 21 bank var. Onların içərisində kiçik və böyük bank var. Yəni, nizamnamə kapitalı aşağı olan bankların yaradılmasında hesab edirəm ki, bank sektorunda mövcud problemləri həll edə bilməz".

O, Azərbaycanda mikrobankların yaradılmasını düzgün hesab etmədiyini qeyd edib:

"Ölkədə böyük banklar mikrobankları asanlıqla sıradan çıxararlar. Çünki rəqabət mühiti, şərtlər, müxtəlif maliyyə sektorunun müxtəlif istiqamətdə olan detalları çox önəmlidir. Ona görə də düşünmürəm ki, bizdə nizamnamə kapitalına tələbin azalması o qədər vacibdir. Məsələn, nizamnamə kapitalının aşağı olduğu hallarda belə bir şeylərin yaradılması olmuş olsa, böyük və sistem əhəmiyyətli bankların özləri belə öz kiçiklərini yarada bilərlər. Hansı ki, BOKT-larda biz bunu görürük".

İqtisadçı Eldəniz Əmirovİqtisadçı Eldəniz Əmirov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları