Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə vətəndaşlarını xarici investisiya platformalarının xidmətindən istifadə etməməyə çağırıb.
Yurd Media-nın məlumatına görə, qurumun yaydığı məlumatda deyilir ki, xarici ölkələrin tənzimləyici qurumlarından lisenziya almış investisiya platformaları ölkədə müxtəlif vasitələrlə təşviq edilir, yerli rezidentlər bu platformalara cəlb olunur.
“Lisenziyanın mövcudluğu həmin platformaya Azərbaycanda investisiya xidmətləri göstərmək və yaxud bu xidmətləri təşviq etmək hüququ vermir. Qanunvericiliyə əsasən, ölkədə investisiya xidmətlərinin göstərilməsi yalnız AMB-nin verdiyi müvafiq lisenziya əsasında mümkündür. İstənilən investisiya xidmətindən istifadə etməzdən əvvəl xidmət təminatçısının Azərbaycanda fəaliyyət göstərmək üçün müvafiq lisenziyasının olub-olmadığını yoxlamaq vacibdir” - deyə AMB bəyan edib.