Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sektorun inkişafı, ixrac potensialının artırılması və regionlarda müasir infrastrukturun qurulması əsas müzakirə mövzularından biri oldu.
Müşavirədə kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, məhsul istehsalının artırılması və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı vacib mesajlar səsləndirildi. Xüsusilə kənd təsərrüfatı məhsullarının keyfiyyətli saxlanılması və dünya bazarlarına çıxarılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulandı.
Soyuducu anbar-logistika sahəsi üzrə ekspert Elnur Eyvazov məsələ ilə bağlı Yurd.Media-ya açıqlamasında bildirib ki, müxtəlif güzəştlər, subsidiyalar və dövlət dəstəyi sektorun inkişafına ciddi təkan verir:
“Son illərdə Azərbaycanda kənd təsərrüfatı və xüsusilə soyuducu anbar sektoruna dövlət tərəfindən göstərilən diqqət və dəstək həqiqətən hiss olunur. Mən sahibkar və artıq beş ilə yaxındır soyuducu anbar kompleksi sahəsində fəaliyyət göstərən bir şəxs kimi bunu praktiki olaraq daim görmüşəm. Müxtəlif güzəştlər, subsidiyalar və dövlət dəstəyi sektorun inkişafına ciddi təkan verir və bu, çox müsbət haldır.
Bizim əsas məqsədimiz ilk gündən etibarən müştərilərin meyvə-tərəvəz məhsullarını yüksək keyfiyyətdə qorumaq, bütün texnoloji standartlara tam riayət etməklə məhsulu ixraca ideal vəziyyətdə hazırlamaq olub. Çünki bu gün ixrac bazarında əsas məsələlərdən biri yalnız məhsul istehsalı deyil, onun düzgün saxlanılması və keyfiyyətinin qorunmasıdır".
O qeyd edib ki, fəaliyyət göstərdiyikləri bölgələr Gəncə, Samux və Daşkəsən regionudur:
"Son illərdə bu ərazilərdə intensiv bağçılıq sürətlə inkişaf edir, kifayət qədər yeni və müasir bağlar salınır. Hesab edirəm ki, bir neçə ildən sonra bu regionlar Azərbaycanın meyvə ixracında çox ciddi pay sahibi olacaq və böyük ixrac potensialı formalaşdıracaq.
Eyni zamanda hesab edirəm ki, gələcək mərhələdə dəstək yalnız soyuducu anbarların tikintisi ilə məhdudlaşmamalıdır. Soyuq zəncirin tam təmin olunması, ixrac prosedurlarının sadələşdirilməsi, logistika və müxtəlif dövlət qurumları ilə bağlı proseslərin daha operativ təşkili də sahibkarlar üçün çox vacibdir".
E.Eyvazov vurğulayıb ki, bəzən ixrac zamanı müxtəlif prosedurlar və tələblər prosesi çətinləşdirə bilir:
"Bu baxımdan həm sahibkarların, həm istehsalçıların, həm də bağ sahiblərinin daha rahat və çevik fəaliyyət göstərə bilməsi üçün müəyyən mexanizmlərin daha da təkmilləşdirilməsinə ehtiyac var.
İnanıram ki, dövlət və sahibkar əməkdaşlığı bu istiqamətdə davam etdikcə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac potensialı daha da güclənəcək”.