SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Torpağa könül verən insanların şirin hekayəsi - İmişli Şəkər Zavodunda BİR GÜN

Torpağa könül verən insanların şirin hekayəsi - İmişli Şəkər Zavodunda BİR GÜN

  • 10 iyul 2026, 18:10
İmişli

Bir ovuc torpaqda başlayan həyat yolunun arxasında neçə-neçə insanın əməyi, qayğısı və sevgisi dayanır...

Beyləqana aparan yolların hər döngəsində bir xatirə, hər addımında bir doğmalıq gizlənir. İnsanın dünyaya göz açdığı, ilk izlərini buraxdığı torpaqla bağlı hissləri sözlərə sığmayacaq qədər dərindir. Növbəti dəfə yolum illərdir bərəkəti, zəhmətkeş insanları, məhsuldar tarlaları ilə seçilən Mil düzünə, peyğəmbər yurdu Beyləqana düşdü.

Uşaqlığımın keçdiyi, hər qarışında insan əməyinin, alın tərinin izlərini daşıyan bu torpaqdan sizə bu dəfə fərqli bir hekayə danışacağam. Söhbət Beyləqanın zəngin tarixindən, mədəniyyətindən, şəkər kimi şirin insanlarından deyil, torpağın bəxş etdiyi şəkər çuğundurundan - zəhmətlə yetişdirilən, süfrələrimizə şirinlik gətirən bir nemətdən gedir.

Belə ki, Beyləqan təkcə geniş əkin sahələri, zəhmətkeş insanları və bərəkətli torpaqları ilə deyil, yetişdirdiyi məhsullarla da Azərbaycanın kənd təsərrüfatında mühüm paya malikdir. Bu gün bu torpaqların bəxş etdiyi şəkər çuğunduru ölkənin şəkər istehsalında mühüm yer tutur.

Bu istehsalat prosesini izləmək üçün biz də şəkər çuğundurunun tarladan zavoda qədər keçdiyi bütün mərhələləri araşdırmağa yollanırıq. Ünvanımız Azərbaycanın ən böyük şəkər istehsalı müəssisələrindən biri olan “Azərsun Holdinq”in İmişlidə yerləşən şəkər çuğunduru emalı müəssisəsi - İmişli Şəkər Zavodudur.

Zavodda ilk olaraq müəssisənin rəhbərliyi və mütəxəssisləri ilə görüşdük. Torpaqdan gələn məhsulun müasir istehsal prosesində necə emal olunduğunu, hansı mərhələlərdən keçərək şəkərə çevrildiyini yaxından izlədik.

Bizi ilk olaraq İmişli Şəkər Zavodunun direktoru Ceyhun Salmanov qarşıladı. O bildirdi ki, bu il qışlıq şəkər çuğundurunun qəbulu mövsümü planlaşdırıldığı kimi davam edir. Direktorun sözlərinə görə, qəbul prosesinə iyun ayında başlanılıb və hazırda zavod fasiləsiz fəaliyyət göstərir: “Hazırda müəssisədə gün ərzində orta hesabla 3 min ton şəkər çuğunduru qəbul edilir. Fermerlərdən daxil olan məhsul operativ şəkildə yoxlanılır, xüsusi sahələrə yerləşdirilir və növbəti mərhələdə emal prosesinə yönləndirilir. Müəssisə mövsümə tam hazırlıqlı şəkildə daxil olub. İllik 550 min ton şəkər istehsalı gücünə malik olan İmişli Şəkər Zavodu həm ölkə daxili tələbatın ödənilməsində, həm də ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayır”.

Zavod direktoru müəssisənin inkişaf planlarından da söhbət açdı: “Müəssisənin qarşıdakı dövr üçün inkişaf planları böyük hədəflər üzərində qurulub. Zavodun beşillik inkişaf strategiyası hazırlanıb. Strategiyanın əsas istiqamətlərindən biri şəkər çuğundurunun qəbulu və emalı gücünün artırılmasıdır. Bu məqsədlə yeni texnoloji avadanlıqların quraşdırılması, mövcud istehsal xətlərinin yenilənməsi və proseslərin müasir standartlara uyğun təkmilləşdirilməsi nəzərdə tutulur. Plana əsasən, növbəti beş il ərzində zavodun gündəlik şəkər çuğunduru qəbulu və emalı gücünün 8 min tona, illik qəbul həcminin isə 800 min tona çatdırılması qarşıya məqsəd qoyulub. Bu həcmdə xammalın emalı nəticəsində təxminən 96 min ton şəkər istehsal ediləcək və ölkənin şəkərə olan tələbatının daha böyük hissəsinin yerli xammal hesabına qarşılanması mümkün olacaq”.

İstehsal müəssisəsi ilə tanışlıqdan sonra üz tutduq Beyləqanın çuğundur tarlalarına. Müşahidələrimiz əsasında bir daha aydın olur ki, yığım mövsümü qızğın mərhələyə çatıb. Geniş sahələrdə müasir kombaynlar fasiləsiz çalışır, aylarla göstərilən əməyin bəhrəsi toplanır.

İlk fürsətdə mikrofonlarımızı bu zəhmətin sahiblərinə uzatdıq. Beyləqan rayonu, Mayak kəndinin fermeri Möhübbət Məmmədov bildirdi ki, bu il təsərrüfatında şəkər çuğundurunun məhsuldarlığı yüksək olub: “Bizim təsərrüfat Beyləqan rayonunun Mayak kəndində yerləşir. Bu il 44 hektar sahədə payızlıq şəkər çuğunduru əkmişik və əldə etdiyimiz nəticələr bizi sevindirir. Hazırda sahənin 24 hektarında yığım işləri başa çatıb. Qalan 20 hektar sahədə isə yaxın günlərdə, təxminən 10-15 gün ərzində kombayn vasitəsilə yığım prosesinin tamamlanması nəzərdə tutulur. Bu il hava şəraitinin əlverişli keçməsi məhsuldarlığa müsbət təsir göstərdi. Yağıntıların normal olması bitkinin inkişafını sürətləndirdi və bunun nəticəsini sahələrdə aydın şəkildə görürük”.

Ötən il 40 hektar, bu il 44 hektarda şəkər çuğunduru əkdiyini diqqətə çatdıran fermer söylədi ki, gələcəkdə əkin sahəsini 55 hektara qədər artırmağı planlaşdırır: “Şəkər çuğunduru sərin havanı sevən bitkidir. Mövsüm ərzində hava şəraitinin uyğun olması onun inkişafına müsbət təsir göstərir. Orta hesabla hər hektardan 45-55 ton məhsul əldə edirik. Bəzi sahələrdə bu göstərici 60-65 tona qədər yüksəlir. Məhsuldarlığa əsas təsir edən amillər torpağın münbitliyi və sortun, yəni məhsulun növünün xüsusiyyətləridir”.

M.Məmmədov İmişli Şəkər Zavodunun fermerlərə göstərdiyi dəstəkdən də razılıqla danışdı: “İmişli Şəkər Zavodunun fermerlərə göstərdiyi dəstək bizim üçün çox önəmlidir. Zavod tərəfindən toxum, gübrə, bitki mühafizə vasitələri və texnika ilə təmin olunuruq. Mütəxəssislər mütəmadi olaraq sahələrə baxış keçirir, tövsiyələr verir və becərmə prosesini izləyirlər. Bu əməkdaşlıq sayəsində məhsulumuzu vaxtında və itkisiz şəkildə təhvil verə bilirik”.

Digər fermer Cavid Ağayev də yığım prosesindən və əldə olunan nəticələrdən söhbət açdı: “Hazırda payızlıq şəkər çuğundurunun yığım mövsümünü yaşayırıq. İmişli Şəkər Zavodu ilə 30 hektar sahə üzrə müqaviləmiz var. Bu il məhsuldarlıq və keyfiyyət baxımından yaxşı nəticələr əldə etmişik. Hazırda sahələrdə kombaynlar fasiləsiz işləyir və məhsulumuz operativ şəkildə yığılır. Orta hesabla hər hektardan 55 ton məhsul götürürük. Məhsulun şəkərlilik göstəriciləri də yüksəkdir. Zavod fermerlərin əsas ehtiyaclarını qarşılayır. Toxum, gübrə, aqrokimyəvi vasitələr və texnika ilə vaxtında təmin olunuruq. Xüsusilə yığım dövründə kombayn dəstəyi işimizi xeyli asanlaşdırır. Bunun nəticəsində məhsulumuzu minimum itki ilə zavoda çatdıra bilirik. Ötən il 30 hektar sahədə əkin aparmışdıqsa, bu il sahəni 33 hektara çatdırmışıq. Gələcək illərdə də əkin sahələrimizi genişləndirməyi düşünürük”.

Şəkər çuğunduru istehsalında uzun illər təcrübəsi olan fermer Taleh Namazov isə bildirdi ki, yüksək məhsuldarlığın əsas şərti düzgün aqrotexniki qulluq və vaxtında göstərilən dəstəkdir: “2009-cu ildən şəkər çuğunduru istehsalı ilə məşğulam. Bu illərin təcrübəsi göstərir ki, düzgün qulluq və keyfiyyətli istehsal vasitələri məhsuldarlığa birbaşa təsir edir. Təsərrüfatımızda hər hektardan orta hesabla 50-55 ton məhsul əldə etmişik. İmişli Şəkər Zavodunun təqdim etdiyi keyfiyyətli toxum, gübrə və digər vasitələr məhsuldarlığın yüksəlməsinə mühüm töhfə verir. Biz də öz növbəmizdə yüksək keyfiyyətli məhsul yetişdirərək zavoda təhvil verməyə çalışırıq”.

Tarlalarda məhsulun yığılmasında əsas işlərdən birini müasir texnika ilə çalışan kombayn operatorları həyata keçirir. Kombayn operatoru Məcnun Əsədov bildirir ki, texnikanın imkanları sayəsində yığım prosesi daha sürətli və səmərəli olur: “Artıq bir ildir ki, şəkər çuğundurunun yığımı üzrə kombayn operatoru kimi çalışıram. Müasir kombaynlarla işləmək həm rahatdır. Texnikanın imkanları sayəsində məhsul sürətli, dəqiq və minimum itki ilə yığılır. Fermerlərin yetişdirdiyi məhsulun vaxtında yığılmasına və zavoda çatdırılmasına öz töhfəmizi veririk. Bu işin məsuliyyətini yaxşı anlayırıq və gördüyümüz işdən qürur duyuruq”.

Beləliklə, tarladan yığılan məhsul xüsusi texnikalarla, nəqliyyat vasitələri ilə daşınaraq İmişli Şəkər Zavoduna təhvil verilir. Şəkər çuğundurunun daşınmasında iştirak edən sürücü Kənan Məmmədli söylədi ki, əsas məqsəd məhsulu keyfiyyətini qoruyaraq vaxtında zavoda çatdırmaqdır: “Bizim işimiz məhsulun yığımından sonra başlayır. Sahədən qəbul edilən şəkər çuğundurunu vaxtında və təhlükəsiz şəkildə zavoda çatdırmaq əsas vəzifəmizdir. Bu, böyük məsuliyyət tələb edən işdir. Çünki fermerin aylarla çəkdiyi zəhmətin nəticəsi məhz bizim vasitəmizlə emal müəssisəsinə çatdırılır. Məhsulun vaxtında daşınması zavodda istehsal prosesinin fasiləsiz davam etməsinə imkan yaradır. Mövsüm ərzində gecə-gündüz çalışaraq sahələrlə zavod arasında fasiləsiz əlaqəni təmin edirik. Fermerlərin yetişdirdiyi məhsulun təhlükəsiz şəkildə zavoda çatdırılmasında payımızın olması bizim üçün qürurvericidir”.

Nəticə etibarilə tarlalardan başlayan uzun və zəhmətli yol İmişli Şəkər Zavodunda yeni mərhələyə qədəm qoyur. Torpağın bəxş etdiyi bərəkət burada müasir texnologiyaların köməyi sayəsində yeni dəyərə çevrilir.

Hər bir şəkər çuğunduru yalnız keyfiyyətli bir kənd təsərrüfatı məhsulunun ərsəyə gəlməsi deyil, arxasında fermerin zəhməti, texnika sahibinin əməyi, sürücünün məsuliyyəti və zavod əməkdaşlarının peşəkarlığı dayanan böyük bir işdir, fədakarlıqdır, zəhmətin bəhrəsidir.

Yuxarıda qeyd etdiyimiz kimi, tarlalardan böyük zəhmətlə yığılan şəkər çuğunduru xüsusi nəqliyyat vasitələri ilə İmişli Şəkər Zavoduna gətirilir. Burada məhsul ilk növbədə qəbul edilir, çəkisi müəyyənləşdirilir və keyfiyyət göstəriciləri yoxlanılır. Ardınca istehsalın bütün texnoloji mərhələlərindən keçir. Müasir avadanlıqlarla təchiz olunmuş istehsal xətlərində şəkər çuğunduru yuyulur, çeşidlənir və emala hazırlanır. Sonra yüksək texnoloji proseslər nəticəsində xammal şəkərin istehsalı üçün yararlı vəziyyətə gətirilir.

Müşahidələrimiz əsasında onu da qeyd edə bilərik ki, İmişli Şəkər Zavodunda tətbiq olunan müasir istehsal texnologiyaları məhsulun keyfiyyətinin qorunmasına, emal prosesinin operativ və səmərəli təşkilinə imkan yaradır. Aylarla tarlalarda yetişdirilən şəkər çuğunduru burada yeni dəyər qazanaraq istehlakçılara təqdim olunan yerli şəkər məhsulunun əsas xammalına çevrilir. Fermer zəhməti ilə başlayan bu uzun yol, məhz İmişli Şəkər Zavodunda müasir sənaye istehsalının ayrılmaz hissəsinə çevrilərək ölkənin ərzaq təhlükəsizliyinə və yerli istehsalın inkişafına mühüm töhfə verir.

Bu hekayə yalnız şəkərin yaranma hekayəsi deyil... Bu, torpağa könül verən insanların, səssiz-sakit çəkilən zəhmətin və halal əməyin bərəkətə çevrilən yolunun hekayəsidir.

Reportaj üçün qeydlər götürən zaman şəkərin süfrələrimizə gəlib çıxana qədər keçdiyi uzun və zəhmətli yolu izlədim. Gördüm ki, bir ovuc torpaqda başlayan həyat yolunun arxasında neçə-neçə insanın əməyi, qayğısı və sevgisi dayanır. Hər bir nemətin başlanğıcı torpaq, hər bir dəyərin təməli insandır. Beyləqanın bərəkətli torpaqlarından doğan bu yol bir daha göstərir ki, əsl şirinlik təkcə şəkərdə deyil, onu yaradan zəhmətdə və insan əməyindədir. Məhsulunuz və ruziniz bol, süfrəniz bərəkətli, canınız sağlam olsun, əziz fermerlər!

Xəyalə RƏİS

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları