Ölkənin Şimal-Qərb bölgəsində son günlər davam edən qeyri-sabit hava şəraiti və aramsız yağıntılar taxılçılıqla məşğul olan fermerləri çətin vəziyyətə salıb.
Yurd.Media xəbər verir ki, güclü yağışlar arpa və buğda sahələrinə ciddi ziyan vurub, məhsuldarlığın aşağı düşməsi isə biçin işlərinin gecikməsi ilə nəticələnib.
Fermer "Baku TV"yə bildirir ki, yağıntılar səbəbindən sahələrə texnika daxil ola bilmir və bu da məhsulun tarlada tökülməsi, yatması və çürüməsinə səbəb olur:
“Bu vaxtadək 300 hektar sahəni biçmişdik. 15-20 gün gecikmişik. Havanın yağıntılı olması ilə əlaqədar biçinə çıxa bilmirik. Hər gün də ziyana gedir. Tökülmə olur, yatma var, dolu vuran sahələrimiz var, çətinliklər çoxdur,” – deyə fermerlər bildirir.
Başqa bir fermer isə qeyd edib ki, 5-6 hektar sahədə taxıl əkib, lakin əlverişsiz hava şəraiti səbəbindən məhsul normal inkişaf etməyib:
“Taxıllar yatıb, ala basıb, vaxtında tozlanmayıb. Olan sümbüllərin bəzilərində də dən yoxdur. Bu gedişlə bizim də xeyli zərərimiz olacaq,” – deyə fermer bildirib.
Fermerlər həmçinin əkin, biçin və gübrələmə xərclərinin yüksək olduğunu, lakin nəticədə əldə olunan məhsulun bu xərcləri ödəmədiyini deyirlər. Onların sözlərinə görə, 1 hektar sahəyə çəkilən ümumi xərc 840-850 manat civarındadır, lakin yaranan zərər 400 manata qədər hesablanır.
Fermerlərin əksəriyyəti sahələrini sığorta etdirmədiklərini bildirirlər. Mütəxəssislər isə bu kimi hallarda aqrar sığortanın vacibliyini önə çəkir. Aqrar Sığorta Fondu fermerlərə çağırış edərək əkin sahələrini dolu, qasırğa, fırtına, sel və normadan artıq yağıntı kimi risklərdən qorumaq üçün aqrar sığorta mexanizmindən yararlanmağa səsləyir. Dövlət dəstəyi ilə tətbiq olunan bu mexanizm risklərə qarşı əsas müdafiə vasitəsi hesab olunur.