"Paşa Bank" Azərbaycanın regionlarındakı fəaliyyəti ilə bağlı planlarını açıqlayıb.
"Paşa Bank"ın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin sədri, baş icraçı direktoru Cavid Quliyev Yurd.Media-nın regionlardakı fəaliyyət planları ilə bağlı sualını cavablandırarkən bildirib ki, Şuşada yeni filialını istifadəyə verən bankın Cənub və Mərkəzi Aran zonalarında da ofisini təsis etmək niyyəti var.
Aqrokredit sahəsində "Paşa Bank"ın ölkədə lider mövqeyə sahib olduğunu xatırladan Cavid Quliyev qeyd edib ki, bu istiqamətin inkişaf etdirilməsi üçün Bankda kənd təsərrüfatı sahəsi üzrə ayrıca mütəxəssislər işləyir.
"2007-ci ildən etibarən fəaliyyətimizin mərkəzində real sektor olub. Agrar biznesdən, nəqliyyat və sənayeyə qədər, ticarətdən xidmət sektoruna qədər minlərlə biznesin inkişaf yolunda “PAŞA Bank” olaraq tərəfdaş olmuşuq. Xüsusilə qeyri-neft iqtisadiyyatının inkişafı istiqamətində sahibkarların və şirkətlərin maliyyə çıxışının genişləndirilməsi bizim üçün yüksək bir prioritet olub. Bugün “PAŞA Bank” Azərbaycanın aparıcı özəl korporativ maliyyə institutlarından biri kimi bazardakı mövqeyini daha da gücləndirib", - C.Quliyev bildirib.
Onun sözlərinə görə, Bankın müştərilərə verilən ümumi kreditləri il ərzində 5% artıb və 3 milyard 883 milyon manat səviyyəsinə çatıb:
"Onun əksər hissəsi biznes kreditlərinə aiddir, yəni böyük orta və kiçik sahibkarlara və şirkətlərə verilən kreditlər olmuşdur. Kredit portfelimizdə ən yüksək artım tempi göstərən KOS seqmentinə aid kredit portfeli olub. Bu göstərici iri və orta biznes seqmentləri ilə müqayisədə daha yüksəkdir".