İmişli rayonunda sahələrdə bol pambıq məhsulu yetişə də yığıb zavoda təhvil vermək üçün pambıqyığan kombaynlar yoxdur.
Yurd.Media xəbər verir ki, pambıq yığılmamışdan öncə sahələr dərmanlanır ki, qozalar tam açılsın və məhsul itkiyə getməsin.
Rayonun Gövhərli kəndindən olan fermerlər “Xəzər Xəbər”ə bildiriblər ki, belə olan halda 15 gün ərzində məhsul yığılmalıdır. Lakin, sahələr 2 aydan çoxdur ki, dərmanlanmasına baxmayaraq, pambıq hələ yığılmayıb:
“Pambıq tam açıldığı üçün də məhsul yerə tökülür və xeyli itki olur”.
Əgər bir neçə gün də belə davam etsə, fermerlər bu təsərrüfat ilini ciddi ziyanla başa vurmalı olacaqlar.
Fermerlərin müqavilə bağladıqları "Prime-Cotton" şirkətinin İmişli filalından bildirilib ki, mövcud vəziyyətdən onlar da məlumatlıdırlar:
“Hazırda pambıq sahələrində məhsul yığımı davam edir. Mərhələli şəkildə bütün sahələrdə məhsul yığımı aparılacaq. Fermerlərin kombayn çatışmazlığı ilə bağlı müraciəti nəzərə alınaraq şirkətin digər filiallarından əlavə texnikaların gətirilməsi üçün aidiyyəti üzrə müraciətlər olunub. Yaxın günlərdə problem öz həllini tapacaq”.