SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Neftçalada fermerlər çətinliklə üzləşiblər: Bu il məhsuldarlıqdan ümidimizi kəsmişik

Neftçalada fermerlər çətinliklə üzləşiblər: "Bu il məhsuldarlıqdan ümidimizi kəsmişik"

Neftçala

Neftçala rayonunda pambıq əkini ilə məşğul olan fermerlər bu il hava şəraitinin əlverişsizliyi səbəbilə ciddi çətinliklərlə qarşılaşıblar. 

Yurd.Media xəbər verir ki,  torpaq sahiblərinin sözlərinə görə, bu günlərdə səpin işləri ikinci dəfə həyata keçirilir. Onlar bildirirlər ki, birinci səpin zamanı hava şəraiti uyğun olmadığından normal nəticə əldə olunmayıb.

Artıq 8 ildir pambıqçılıqla məşğul olan torpaq sahibi Asiman Məmmədov "İctimai TV"-yə bildirib ki, o da zərər görənlərdəndir. Onun sözlərinə görə, apreldə havanın qısa müddətə istiləşməsi səpin üçün əlverişli şərait yaratsa da, ardınca havaların kəskin soyuması və davamlı yağışlar səpinə ciddi ziyan vurub.

Fermer qeyd edir ki, bu il soyuq hava şəraiti məhsuldarlığa mənfi təsir göstərib:

"Biz toxumu aprel ayında əkdik. Hava mülayim idi, amma bir neçə gündən sonra soyuq hava və yağış başladı. Bütün əziyyətimiz hədər getdi. Bu il məhsuldarlıqdan ümidimizi kəsməyə məcbur olmuşuq".

Təkcə Asiman Məmmədov deyil, bir çox fermer oxşar problemlərlə üzləşdiklərini deyirlər. Onların bildirdiyinə görə, Türkiyədən gətirilən toxumun hər kiloqramı 5 manat 50 qəpiyə başa gəlib və hər hektara 25-30 kiloqram toxum sərf olunub. Bütün bu xərclərə baxmayaraq, nəticə ürəkaçan deyil.

Qeyd edək ki,  məsələ ilə bağlı Neftçala Dövlət Aqrar ar İnkişaf Mərkəzindən  bildirildi ki, rayonda pambıqçılıqla məşğul olan 14-15 torpaq istifadəçisi ilə ümumilikdə 7092 hektar sahədə pambıq səpini üzrə müqavilə bağlanıb. Hazırda 635 hektarda səpin həyata keçirilib. Lakin təkrar səpinlə bağlı nə rəsmi, nə də qeyri-rəsmi şəkildə mərkəzə müraciət daxil olmayıb.