SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Kənd təsərrüfatında milyonlarla manatlıq GÜZƏŞTİN MÜDDƏTİ BİTİR

Kənd təsərrüfatında milyonlarla manatlıq GÜZƏŞTİN MÜDDƏTİ BİTİR

  • 24 sentyabr 2026, 19:44

2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şəxslərin istifadə etdiyi bir sıra vergi azadolmaları tətbiqdən çıxacaq.

Yurd.Media "Operativ Media"ya istinadən xəbər verir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, bir sıra güzəştlərin müddəti 2027-ci il yanvarın 1-də sonlanacaq.

Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin bu sahə üzrə dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 4 il müddətinə gəlir vergisindən azaddır. Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-də başa çatır.

Eyni tarixdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, dövlət büdcəsi hesabına verilən kənd təsərrüfatı subsidiyaları, eləcə də rezident hüquqi şəxslərin iştirakçısı olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirlərinə tətbiq edilən mənfəət vergisi güzəşti də başa çatır.

Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəətin mənfəət vergisindən azad edilməsi üçün nəzərdə tutulan 13 illik müddət də 2027-ci il yanvarın 1-də tamamlanır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının özlərinin istehsal etdikləri məhsulların satışından əldə etdikləri dövriyyəyə tətbiq olunan ƏDV güzəşti də 2014-cü il yanvarın 1-dən 13 il müddətinə müəyyən edilib və onun müddəti gələn il başa çatır.

Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin həmin fəaliyyət zamanı istifadə etdikləri əmlaka görə əmlak vergisindən azadolma müddəti də 2027-ci il yanvarın 1-də sona çatır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcminə tətbiq edilən sadələşdirilmiş vergi güzəşti də 2014-cü il yanvarın 1-dən 13 il müddətinə nəzərdə tutulub və onun müddəti gələn ilin əvvəlində başa çatacaq.

Qeyd edək ki, sözügedən güzəştlərin müddətinin uzadılması ilə bağlı hələlik aidiyyəti rəsmi qurumlardan heç bir açıqlama verilməyib.

Skat.az - Ev və Avtomobil elanları