SÜJET
Ekspert: "Süni intellekt aqrar sahədə hələ pilot mərhələsindədir"
Kənd təsərrüfatında məhsuldarlığın artırılması və iqlim dəyişikliklərinə uyğunlaşmaqda süni intellektlə təchiz olunmuş texnologiyalarının əhəmiyyəti getdikcə artır. Bu texnologiyalar torpağın və hava şəraitinin təhlili, suvarma və gübrələmə proseslərinin optimallaşdırılması, məhsul xəritələrinin hazırlanması və xəstəliklərin vaxtında aşkarlanması kimi sahələrdə mühüm rol oynayır.
Bununla yanaşı, texnoloji infrastrukturun qeyri-bərabər inkişafı, internet və enerji təminatı problemləri, eləcə də fermerlər arasında rəqəmsal savadlılığın aşağı olması bu texnologiyaların geniş tətbiqinə maneə yaradır. Bütün bu çətinliklərə baxmayaraq, qəbul olunmuş milli strategiya və dövlət dəstəyi süni intellektin aqrar sahədə davamlı və sistemli şəkildə tətbiqinə imkan yaradır.
Bəs, Azərbaycanda bu istiqamətdə hansı işlər görülməlidir?
Mövzu ilə bağlı Yurd.Media-nın suallarını cavablandıran İKT sahəsi üzrə ekspert, Azərbaycan İKT Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, ölkədə süni intellektin aqrar sahədə tətbiqi hələ ilkin mərhələdədir və əsasən pilot layihələr və fərdi təşəbbüslər səviyyəsində həyata keçirilir:
"Məsələn, torpaq məhsuldarlığının analizi, hava şəraitinə əsaslanan suvarma planlaması, zərərverici monitorinqi və peyk təsvirləri əsasında xəritələmə kimi texnologiyalar artıq gündəmdədir. Lakin bu sahənin genişlənməsi üçün senzor şəbəkələri (IoT), məlumat toplama və emal infrastrukturu, eləcə də bulud əsaslı platformalar mütləqdir. İnformasiya texnologiyalarına çıxış imkanı olmayan kənd təsərrüfatı istehsalçıları üçün isə yerli texnoloji hub-lar, təlim proqramları və dövlət dəstəyi mexanizmləri formalaşdırılmalıdır".
Kənd bölgələrində süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı E.Abbasov bildirib ki, bu ən real şəkildə ağıllı suvarma sistemləri, məhsuldarlıq proqnozlaşdırılması, heyvandarlıqda sağlamlıq izləmə, torpaq analizlərinin rəqəmsallaşdırılması və dronlar vasitəsilə əkin sahələrinin monitorinqi istiqamətlərində ola bilər:
"Bu sistemlərin effektivliyi üçün regionlara uyğun lokallaşdırılmış tətbiqlər, mobil əsaslı platformalar və yerli dil dəstəyi ilə təlimlər təşkil edilməlidir. Eyni zamanda, bu prosesin dayanıqlı olması üçün Kənd Təsərrüfatı Nazirliyi, İKT şirkətləri və universitetlər arasında üçtərəfli əməkdaşlıq modelləri qurulmalıdır".
Süni intellekt əsaslı aqrar sistemlərdə risklərdən danışan ekspert vurğulayıb ki, informasiya təhlükəsizliyi xüsusi həssas sahədir:
"Buraya əkin sahələrinin real vaxt məlumatlarının sızması, fermerlərin şəxsi və maliyyə məlumatlarının oğurlanması, eləcə də sistemlərin sabotaj yolu ilə manipulyasiyası kimi risklər daxildir. Bu risklərin qarşısını almaq üçün kriptolama, multi-səviyyəli autentifikasiya, təhlükəsizlik auditi və real vaxtlı monitorinq tətbiq olunmalıdır. Hüquqi müstəvidə isə aqrar texnologiyalara dair spesifik məlumatların qorunması üzrə normativ aktlar, dövlət tərəfindən təsdiqlənmiş standartlar və fermerlər üçün açıq və sadə izahlı hüquqi çərçivə formalaşdırılmalıdır. Süni intellektin kənd təsərrüfatında geniş tətbiqi yalnız texniki deyil, etibarlılıq və hüquqi tənzimləmə baxımından da inkişaf etdirilməlidir".