Azərbaycanda ixrac potensialı və məşğulluq imkanları nəzərə alınmaqla istixana sahələrinin 2030-cu ilədək 2000 min hektara çatdırılması hədəflənir.
Yurd.Media xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramından irəli gələn məsələlər"ə həsr olunmuş mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, logistika infrastrukturunun inkişafı 100 min tonluq soyuducu anbar infrastrukturunun yaradılması, 150 min tonluq yeni müasir taxıl silolarının qurulmasının dəstəklənməsi hədəflənir.
Zaur Əliyev qeyd edib ki, Dövlət Proqramı əsas fundamental tədbirlərdən biri kimi suvarmanın təkmilləşdirilməsi, resurslardan səmərəli istifadə və məhsuldarlıq artımına şərait yaradan müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi hədəflənir:
"Belə ki, Dövlət Proqramının icrası nəticəsində müasir suvarma sistemləri tətbiq olunan sahələrin faktiki 130 min hektardan 2030-cu ildə 300 min hektara çatdırılması proqnozlaşdırılır.
Eyni zamanda, 2030-cu ilədək intensiv və superintevsiv meyvə bağlarının sahəsinin 20 min hektar artırılması hədəflənir".
Nazir müavini onu da qeyd edib ki, 2030-cu ilədək yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının faktiki 2.5%-dən artırılaraq 10%-ə çatdırılması hədəflənir. Süd istehsalının 10%, ət istehsalının 20% artırılması, bununla da özünütəminetmənin yaxşılaşdırılması, o cümlədən mal əti ilə təminata nail olunması hədəflənir.
Xırda buynuzlu heyvandarlığın inkişafı ilə bağlı olaraq, qoyun əti ilə tam özütəminetmə səviyyəsinə nail olunması, quşçuluq sahəsində müasir quşçuluq damlarının qurulması və mövcud damların modernləşdirilməsi, müasir kəsimxanaların yaradılması, torpaq təyinatı ilə bağlı mövcud çətinliklərin aradan qaldırılması, damazlıq işinin təşviq edilməsi, həmçinin quşçuluq müəssisələrinin kommunal xidmətlərə qoşulma xərclərinin subsidiyalaşdırılması kimi tədbirlər nəzərdə tutulub. Bununla da 2030-cu ilədək istehsalın təqribən 30% artırılması hesabına quş əti ilə özünütəminetmənin yaxşılaşdırılması hədəflənir.
Balıqçılıq və akvakulturanın inkişafî ilə bağlı isə istehsalın 7.7 min tona çatdırılması, hədəflənir. Bu istiqamətdə ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsi, sektora dəstək mexanizmlərinin formalaşdırılması, o cümlədən subsidiya və güzəştlərin tətbiqi nəzərdə tutulur. Proqramda həmçinin balıqartırma fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər müəyyən edilib.