Azərbaycanda aqrar sahədə hazırlanan yeni Dövlət Proqramı mövcud nailiyyətlərin davam etdirməklə aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsinə və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Yurd.Media xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramından irəli gələn məsələlər"ə həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması hədəflənir. Bununla da istehsalda təqribən 20% artıma nail olmaqla, özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəfi müəyyən edilib.
"Qarşıya qoyulan hədəflərə nail olmaq üçün Dövlət Proqramında müəyyən edilmiş əsas istiqamətlərdən biri strateji əhəmiyyətli və ərzaq təhlükəsizliyi nəzərə alınmaqla taxılçılıq sektorunun inkişafı ilə bağlıdır", - o qeyd edib.
Zaur Əliyevin sözlərinə görə, proqrama pambığın məhsuldarlığının artırılması və klaster inkişafına nail olunması ilə bağlı tədbirlər müəyyən edilib:
"2030-cu ilədək ixtisaslaşmış rayonlarda pambıq üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması, həmçinin emal məhsullarının həcminin 4 dəfəyə qədər artırılırması hədəflənir".