SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanda iqlim dəyişmələrinin çay və sitrus bitkilərinə təsiri araşdırılır

Azərbaycanda iqlim dəyişmələrinin çay və sitrus bitkilərinə təsiri araşdırılır

  • 19 oktyabr 2025, 17:19
Lənkəran

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun “Ekologiya və iqlimləşdirmə” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əsədov H.H. Lənkəran rayonunda, Meyvəçilik Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay filialında elmi ekspedisiya həyata keçirib.

İnstitutdan Yurd.Media-ya bildiriblər ki, ekspedisiya 2025-ci ilin tematik elmi-tədqiqat proqramının ikinci mərhələsi çərçivəsində “İqlim dəyişməsi şəraitində çay və bəzi sitrus növlərinin müasir vəziyyəti və uzunömürlü ağac və kolların iqlimləşdirilməsi” mövzusuna həsr olunub.

Tədqiqat zamanı becərilən sahələrdə torpaq və havanın rütubət göstəriciləri, havadakı karbon qazının (CO₂) miqdarı, torpağın pH göstəriciləri, işıqlanma intensivliyi və digər ekoloji parametrlər müəyyən edilib.

Cari ildə müşahidə olunan uzunmüddətli yağmurlar və kəskin isti günlər iqlim dəyişmələrinin təsirini aydın şəkildə göstərib. Nəticədə çay bitkisinin çiçəkləmə dövrü oktyabr ayının ortalarına qədər uzanıb, toxum əmələ gətirmə prosesi intensivləşib.

Yağıntıların uzun sürməsi sitrus bitkilərinin çiçəkləmə və meyvəəmələgəlmə mərhələlərinə də müsbət təsir göstərib, məhsuldarlıqda artım qeydə alınıb.

Bundan əlavə, çay bitkisinin yarpaq, çiçək və çiçək tumurcuqlarından nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Hazırda bu nümunələrin biokimyəvi analizi aparılır. Analizlər nəticəsində bitkilərdəki xlorofil, fenol, antioksidant və digər fizioloji aktiv maddələrin miqdarı müəyyən ediləcək.

Tədqiqatın nəticələri iqlim dəyişmələrinin təsiri altında olan bölgələrdə bitki iqlimləşməsi, adaptasiya potensialı və ekoloji sabitliyin qorunması baxımından böyük elmi və praktik əhəmiyyət daşıyır.

Prime Leasing