SÜJET
Son 30 ildə Azərbaycanda, xüsusilə də Abşeron yarımadasında Amerika ağ kəpənəyi (lat. Hyphantria cunea) bağçılığın ən böyük problemlərinə çevrilib. Bu invaziv zərərvericilər qarşısına çıxan demək olar ki, bütün yarpaqlı bitkiləri yeyir və onları tamamilə məhv edir.
Bu həşaratların son illərdə yayıldığı areal daha da genişlənib və artıq təkcə Abşeronla məhdudlaşmır, bəzi rayonlarda da məhsuldarlığın azalmasına səbəb olub.
Məsələ ilə bağlı aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ehtibar İbrahimov Yurd.Media-ya açıqlamasında bildirib ki, Amerika ağ kəpənəyi olduqca təhlükəli zərərvericidir:
"O, 120-dən artıq bitki növü ilə qidalanır və bu, bağçılıq üçün ciddi təhlükədir. Abşeronda 30-a yaxın müxtəlif bitki növünə zərər verdiyi müəyyən olunub. Ən çox tut, alça, armud, gavalı, ərik, şaftalı, yasəmən, göyrüş və qovaq kimi ağaclara hücum edir”.
E. İbrahimov bildirir ki, onları tanımaq çox asandır - kəpənəklər ağ rəngdə olur, qanadları açıq halda 40–50 mm-ə çatır, baş hissəsi uzun tükcüklərlə örtülmüş, bığcıqları isə qaradır. Yumurtaları qızılı-sarımtıl rəngdə olur, diametri 0,5–0,7 mm-dir.
Dosent vurğulayır ki, əsas ziyanverici mərhələ tırtıldır. Onlar açıq-sarımtıl rəngdədir, belində iki cərgədə qara və ağ tükcüklər yerləşir. Son yaş mərhələsində tırtılın uzunluğu 30–35 mm-ə çatır.
Onun sözlərinə görə, bu zərərverici qışlamanı ipək baramaların içində – ağac qabıqları altında, yarpaqların altında və bəzən torpağın 2,5–3 sm dərinliyində pup mərhələsində keçirir.
E. İbrahimov əlavə edir ki, bu zərərverici artıq bir çox ölkədə müşahidə olunur. Yayılma arealı əsasən ABŞ, Kanada, Meksika, Rusiya, Ukrayna, Moldova və bir sıra Avropa ölkələrini əhatə edir. Azərbaycanda isə daha çox Abşeron və Quba–Xaçmaz bölgələrində geniş yayılıb.
Mütəxəssis deyir ki, Azərbaycanda bu həşəratların 9 müxtəlif parazit növü (əsasən Hymenoptera və Diptera dəstələri) aşkar edilib. E. İbrahimov qeyd edir ki, tırtılların sıx tüklə örtülü və bəzi hallarda zəhərli maddələr tərkibli olması onları quşlar üçün əlverişsiz qida halına gətirir. Bu səbəbdən quşlar tırtıllarla qidalanmaqdan imtina edirlər.
Ekspert bildirib ki, iki növ mübarizə üsulu var: profilaktik və bioloji-kimyəvi üsullar.
Onun sözlərinə görə, profilaktik tədbirlər kimi yaz və payız aylarında ağacətrafı torpağın bellənməsi və şumlanması, ağac gövdələrinin əhənglənməsi, qabıqların təmizlənməsi və yerə düşmüş yarpaqların, bitki qalıqlarının yandırılması tövsiyə olunur. Eyni zamanda, idxal olunan yüklərin və nəqliyyat vasitələrinin fitosanitar nəzarətə alınması, karantin tədbirlərinin gücləndirilməsi vacibdir:
“Bioloji və kimyəvi mübarizə yumurta, tırtıl və pup mərhələlərinə qarşı müvafiq preparatlarla aparılır. Tövsiyə olunan kimyəvi preparatlar arasında Xlorpirifos (480 q/l) kimi maddələr yer alır”, – deyə dosent bildirib.
Qeyd edək ki, tırtıllar o qədər sürətlə çoxalır və ziyan vurur ki, bəzi hallarda mübarizə tədbirləri gecikdikdə ağac tamamilə yarpaqsız qalır. Təkcə Abşeronda yox, artıq Bakının mərkəzi hissələrində də bu zərərvericinin izlərinə rast gəlinir.
Amerika ağ kəpənəyi bağçılıq və meyvəçilik üçün artan təhlükədir. Vaxtında görülməyən tədbirlər nəticəsində bu zərərverici daha geniş ərazilərə yayıla və kənd təsərrüfatına ciddi zərər vura bilər. Mütəxəssislərin fikrincə, bu sahədə həm dövlət dəstəyi, həm də vətəndaş təşəbbüsləri paralel şəkildə həyata keçirilməlidir.