Bu gün dünya ölkələri tullantıların həcmini minimuma endirmək üçün müxtəlif proqramlar, qanunvericilik mexanizmləri və beynəlxalq konvensiyalar çərçivəsində öhdəliklər qəbul edirlər. Məqsəd həm təbiətin qorunması, həm də gələcək nəsillər üçün sağlam mühitin təmin edilməsidir.
Azərbaycan da bu beynəlxalq çağırışlara qoşularaq ekoloji tarazlığın qorunması istiqamətində mühüm addımlar atır. Abşeron yarımadasında ən böyük ekoloji yük isə uzun illər Balaxanı zibil poliqonunun üzərində idi. Elə buna görə də məhz burada müasir standartlara cavab verən zibilin çeşidlənməsi, yandırılması, təkrar emalı və tibbi tullantıların sterilizasiyası üzrə kompleks sistem quruldu. “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən bu layihə ölkədə tullantı idarəçiliyi sahəsində yeni mərhələ yaratdı.
Yurd.Media həyata keçirlən bu işlərə nəzər salır və hazırki durumu əks etdirən fotoları təqdim edir.
Balaxanı: Bir zamanlar zibil poliqonu olan ərazi bu gün Azərbaycanın “yaşıl iqtisadiyyat” mərkəzinə çevrilir
Bakıdan Balaxanı istiqamətinə hərəkət etdikcə illər öncə bu ərazini müşayiət edən tüstü, kəskin qoxu və açıq şəkildə yandırılan tullantı mənzərəsinin artıq geridə qaldığı görünür. Balaxanı bu gün tamamilə yeni ekoloji sistemə malik müasir sənaye və tullantı idarəetmə mərkəzi kimi fəaliyyət göstərir.
2006-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı” tullantı idarəçiliyi sahəsində genişmiqyaslı islahatlara yol açdı. Bu tədbirlər çərçivəsində Bakıda məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi, poliqonların yenilənməsi və təkrar istehsal sahələrinin inkişafı prioritetə çevrildi.
Balaxanı poliqonu onilliklər boyu Bakının bütün tullantılarının yığıldığı və açıq havada yandırıldığı ərazi idi. Bunun nəticəsi olaraq şəhərin havası çirklənir, atmosferə böyük həcmdə zərərli qazlar yayılırdı.
2009-cu ildə “Təmiz Şəhər” ASC-nin yaradılması ilə burada köklü yenilənmə başlandı. Köhnə poliqon söküldü və əvəzində 120 hektar ərazini əhatə edən müasir sanitar poliqon quruldu. Nəticədə Balaxanı ərazisində ekologiyaya dəyən zərər minimuma endi.

2012-ci ildə istifadəyə verilən Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu ildə 100 min tona qədər tullantını qəbul edib emal edə bilir. Burada tullantılar əvvəlcə çeşidlənir, daha sonra plastik, metal, şüşə və digər təkrar emala yararlı materiallar ayrılaraq sənaye müəssisələrinə ötürülür.
Bu, həm tullantı həcmini azaldır, həm də təbii resurslara qənaət edilməsinə şərait yaradır.

Yandırma zavodu – tullantıdan elektrik enerjisi istehsalı
Balaxanıda yaradılmış ən strateji müəssisələrdən biri Bakı bərk məişət tullantılarının yandırılması zavodudur. Avropa standartlarına uyğun tikilən zavodda ildə 500 min ton tullantının yandırılması və nəticədə elektrik enerjisi istehsal edilməsi mümkündür. Bu enerji təxminən 110 min ev təsərrüfatının illik tələbatını qarşılayır.
Burada tətbiq edilən 4-cü nəsil filtrasiya sistemləri atmosferə buraxılan qazların miqdarını minimuma endirir.

Tibbi tullantıların sterilizasiyası – təhlükəsiz sağlamlıq sistemi üçün vacib addım
Kompleksin tərkibində fəaliyyət göstərən yeni korpusda tibbi tullantılar xüsusi avadanlıqlarla sterilizasiya edildikdən sonra zərərsizləşdirilir. Bu proses xəstəxanalar və klinikalar üçün təhlükəsiz tullantı idarəçiliyini təmin edir və infeksiya risklərini tam aradan qaldırır.

Balaxanı Sənaye Parkı – təkrar emalı iqtisadi resursa çevirən mərkəz
2011-ci ildə yaradılan və 2017-ci ildə tam fəaliyyətə başlayan Balaxanı Sənaye Parkı təkrar istehsal üzrə rezidentlərin bir araya toplandığı texnoparkdır. Bu gün parkda:
27 rezident fəaliyyət göstərir,
1381 iş yeri yaradılıb,
56 milyon manatdan çox investisiya yatırılıb,
392 milyon manatlıq məhsul istehsal edilib,
31 milyon manatlıq məhsul xaricə ixrac olunub.
Burada istehsal edilən məhsullar tullantıların təkrar emalına əsaslanır ki, bu da “yaşıl iqtisadiyyat” anlayışının inkişafına ciddi təsir göstərir.

Bu gün Balaxanı təkcə zibilin daşındığı məkan deyil – burada tullantılar çeşidlənir, təkrar emal olunur, enerji istehsalına yönləndirilir və tibbi tullantılar təhlükəsiz şəkildə zərərsizləşdirilir.
Azərbaycanın qlobal ekoloji çağırışlara cavab olaraq yaratdığı Balaxanı modeli sübut edir ki, düzgün idarəetmə ilə tullantı problem yox, resursa çevrilə bilər.
Foto: Sadıq Əliverdibəyli