Bu ilin may ayında Dövlət Neft Şirkətinin (SOCAR) "Italiana Petroli" (IP) şirkətinin səhm paketinin 99,82%-ni "API Holding"dən satın alması Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı xarici iqtisadiyyata yönəlmiş birbaşa investisiyalarla bağlı statistikada ciddi dəyişikliyə səbəb olub.
Yurd.Media xatırladır ki, bu ilin I rübünün yekununda İtaliya Azərbaycanın birbaşa investisiya yatırdığı ölkələr arasında 1,9 milyon ABŞ dolları ilə 19-cu yerdə qərarlaşıb, onun investisiyalarda payı isə cəmi 0,2% olub.
Bu ilin I yarısının yekununda isə İtaliya 3 245,6 milyon ABŞ dolları ilə siyahıda 1-ci yerə yüksəlib, onun investisiyalarda xüsusi çəkisi isə 64,9% təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın İtaliyaya birbaşa investisiyaları 309,4 dəfə artıb. Yanvar-iyun aylarında İtaliyadan Azərbaycana isə birbaşa investisiya qoyuluşu qeydə alınmayıb.