SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Neft sektorunda süni intellekt dalğası: hansı işçilər ixtisar olunacaq? - EKSPERT AÇIQLADI

Neft sektorunda süni intellekt dalğası: hansı işçilər ixtisar olunacaq? - EKSPERT AÇIQLADI

Süni intellekt tək bank, təhsil və səhiyyə sahələrində deyil, həmçinin neft sektorunda da başlanğıc mərhələsindədir. Bəzi iş sahələri süni intellekt vasitəsilə avtomatlaşdırılıb, vəzifə və kadr dəyişiklikləri də müşahidə olunur. Bəs bu rəqəmsallaşma gələcəkdə neft sektorunda hansı dəyişikliklərə səbəb olacaq?

Enerji məsələləri üzrə ekspert İlham Şaban Yurd.Media-ya bildirib ki, neft sənayesi hazırda süni intellektin geniş tətbiqi dövrünü yaşayır və bu proses gələcək illərdə daha da sürətlənəcək:

"Rəqəmsallaşdırma, yüksək səviyyəli avtomatlaşdırma və süni intellektin tətbiqi əmək bazarına təzyiq göstərən amillərdəndir. Bu təzyiq xüsusilə əvvəllər əl əməyinin üstünlük təşkil etdiyi sahələrdə daha çox hiss olunur".

Ekspert süni intellektin tətbiqinə qarşı çıxan şəxslərlə bağlı da tarixi müqayisə aparıb:

"Misal üçün 1850-ci illərdə Bakı mədənlərindən nefti çıxarıb çəlləklərlə at və eşşək arabaları ilə Qara Şəhərdəki neftayırma məntəqələrinə çatdırırdılar və emal olunmuş məhsulu da yenidən eyni üsulla daşırdılar. Sonra boru kəməri tətbiq edilməsi ilə onu daşıyan insanlar işsiz qaldılar. Buna etiraz olaraq da bəzən həmin insanlar o kəmərləri sıradan çıxarmağa çalışırdılar. Lakin sonradan işsiz qalanlar texnoloji tərəqqinin ortaya çıxardığı digər işlərə cəlb olundular". 

Enerji məsələləri üzrə ekspert İlham ŞabanEnerji məsələləri üzrə ekspert İlham Şaban

O qeyd edib ki, indi zaman dəyişib, ancaq süni intellektin əmək bazarına təzyiqi reallıqdır:

"20-30 il əvvəl platformada 200 adam çalışırdı sonradan bu 4 dəfə azaldı. Çünki avtomatlaşdırma sürətlənib. Neft sahəsində ən mürəkkəb məsələ qazma prosesinin avtomatlaşdırlması idi. Hazırda Azərbaycanın layihələrində, o cümlədən Şahdəniz-2 layihəsində robotlaşdırılmış hasilat sistemləri tətbiq olunur. Bu Abşeron-2 və Qarabağ yatağında da həyata keçiriləcək. Hazırda həyata keçirilən "Şahdəniz Kompressiya" layihəsində isə platformada ümumiyyətlə insan olmayacaq, bütün idarəetmə Səngəçaldan həyata keçiriləcək".

Ekspert qeyd edib ki, 2012-ci ildə Dövlət Neft Şirkətində işçilərin sayı 78 mindən çox idi.

"Neft sənayesi qəza riskinin yüksək olduğu sahələrdən biridir. İnsansız platformalar həm təhlükəsizliyi artırır, həm də məhsuldarlığı yüksəldir. Robotlaşdırılmış sistemlər insan amilindən asılı olmadığı üçün daha sabit işləyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) də işçilərin sayının azalması obyektiv prosesdir. 2012-ci ildə şirkətdə 78 mindən çox insan çalışırdı, bəs bu qədər insan nə dəyər yaradırdı? Halbuki BP şirkəti 5 min adamla 50 milyon tondan çox neft hasilatı həyata keçirirdi. SOCAR-da bazar münasibətləri ilə uyğun olmayan personalı var idi. Hazırda isə bu rəqəm təxminən 42 min nəfərdir və gələcəkdə daha da azalacağı gözlənilir. Bu qaçılmaz prosesdir."

İlham Şaban sərbəstləşən işçilərin işsizliyi məsələsinə də toxunub:

"Hökumət sərbəstləşən işçilərin iqtisadiyyatın digər sahələrdə məşğulluğunu təmin etməlidir. Bu insanların bəzilərinin 30 ilə yaxın peşəkar təcrübəsi var. İnsan kapitalından səmərəli istifadə edən ölkələr daha çox rifah və iqtisadi dəyər yarada bilirlər." - deyə o bildirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları