SÜJET
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 72 429,9 milyon manat, o cümlədən Naxçıvan MR-da 927,3 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Beləliklə, 7 ay ərzində muxtar respublikanın ölkə iqtisadiyyatında payı 1,3% təşkil edib. Baxmayaraq ki, Naxçıvanın ərazisi 5,5 min km2-dir və bu, ölkə ərazisinin 6,35%-i deməkdir. Başqa sözlə, hazırda bölgənin iqtisadi potensialından daha məhsuldar istifadə olunmur.
Təbii ki, bugün Naxçıvanın iqtisadi potensialının tam şəkildə reallaşmamasının əsas səbəbi bölgənin uzun illərdir Azərbaycanla birbaşa quru nəqliyyat əlaqəsinin olmamasıdır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında 8 avqustda Vaşinqtonda Ağ Evdə imzalanmış Sazişin mətnində Zəngəzur dəhlizinin açılması şərti Naxçıvanın da ölkə iqtisadiyyatında payının artmasına səbəb olacaq.