Bu ilin ilk 6 ayında aparılan təhlillərə əsasən ƏDV üzrə təqdim edilmiş hesabatlarda bir sıra uyğunsuzluqlar meydana çıxıb.
Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ƏDV ödəyiciləri ilə görüşdə bildirilib.
Belə ki, təhlil olunan dövr üzrə vergi ödəyiciləri tərəfindən ƏDV bəyannamələrində göstərilən dövriyyələrin sənədlərlə təsdiq edilməməsi (malların, iş və xidmətlərin təqdim edilməsi üzrə elektron qaimə-fakturaların və ya onlayn kassa aparatı çeklərinin təqdim edilməməsi) halları müşahidə olunur.
Görüşdə sahibkarları maraqlandıran məsələlər, o cümlədən ƏDV üzrə kameral vergi yoxlamaları ilə bağlı suallar geniş müzakirə olunub.
Naxçıvanda vergi ödəyicilərinə ƏDV üzrə kameral vergi yoxlamaları barədə geniş məlumat verilib. Kameral vergi yoxlaması ilə bağlı göndərilən məktubların, digər maarifləndirici məlumatların vergi ödəyiciləri tərəfindən vaxtında oxunmasının, zəruri hallarda cavablandırılmasının, bu səbəbdən ödəyicilərə məxsus elektron kabinetlərin mütəmadi olaraq yoxlanılmasının vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, yarana biləcək risklər nəticəsində vergi ödəyiciləri əlavə maliyyə itkilərinə məruz qala bilərlər.