Dövlət büdcəsinin formalaşmasında vergilərin roliu artıb, büdcənin təxminən yarısı vergi ödəyicilərinin çiynindədir.
Bunu iqtisadçı ekspert Məmməd Talıblı Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.
Ekspert 2026-cı ilin dövlət büdcəsinin gəlirlərini sadə dildə izah edib:
"Təsəvvür edək ki, 100 manatlıq bir dövlət büdcəmiz var. Bu, bizim ümumi gəlirlərimizdir. Bu 100 manatın
- 33 manatı Neft Fondunun transfertləri hesabınadır. Yəni, dövlət Neft Fondundan bu qədər vəsait alaraq büdcəyə əlavə edir.
- 44 manatı isə vergilər hesabına formalaşır. Yəni, ölkədə fəaliyyət göstərən vergi ödəyicilərindən toplanan pullardır.
- 18 manatı gömrük rüsumları və rəsmi ödənişlərdir.
- Qalan 5 manat isə digər mənbələrdən, məsələn, büdcədənkənar fondlar və müxtəlif xərclərdən daxil olan gəlirlərdir".
O qeyd edib ki, əvvəllər büdcənin əsas hissəsini Neft Fondu qarşılayırdı, elə vaxtlar olub ki, büdcənin 50-60%-i Neft Fondundan gəlirdi:
"İndi isə bu göstərici 33%-ə qədər enib. Vergilərin rolu artıb, büdcənin təxminən yarısı vergi ödəyicilərinin çiynindədir".