SÜJET
Azərbaycanda “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb.
Yurd.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, sənədin məqsədi Azərbaycanda innovasiyaların sürətlə yaradılması və mənimsənilməsi, eləcə də yeni nəsil texnoloji həllərin tətbiqi vasitəsilə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasıdır. Hazırda qanun layihəsi hökumətdə baxılma mərhələsindədir.
Nazir həmçinin qeyd edib ki, Azərbaycanda milli səviyyədə sənaye transformasiyasını dərinləşdirmək məqsədilə yaradılmış 4SİM-in həyata keçirdiyi “Sənaye 4.0 Hazırlıq Proqramı”ndan 2028-ci ilədək daha çox müəssisənin yararlanması təmin ediləcək.
Onun sözlərinə görə, ötən il 4SİM tərəfindən “Sənaye 4.0 Hazırlıq Proqramı” bir neçə özəl şirkətdə pilot mərhələdə tətbiq edilib: “Proqramın başlıca məqsədi dövlət dəstəyi ilə qabaqcıl texnologiyaların tətbiqini stimullaşdırmaq, nəticədə isə bizneslərin səmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdır: "Bu il proqramın əhatə dairəsinin genişləndirilməsi və iştirakçı müəssisələrin sayının artırılması planlaşdırılır. Hədəf 2028-ci ilədək daha çox müəssisənin bu imkanlardan yararlanmasını təmin etməkdir".
M. Cabbarov əlavə edib ki, “Bakı Biznes Mərkəzi”nin inzibati binasında yaradılması nəzərdə tutulan “Sənaye 4.0 Mərkəzi”nin ekosistemində əsas funksional sütunlardan biri olacaq: "Mərkəz sənaye, texnologiya provayderləri, universitetlər və innovasiya mərkəzləri arasında əlaqələndirici rol oynayacaq, texnoloji həllərin stimullaşdırılması və tətbiqi üçün akselerator funksiyasını icra edəcək".