Azərbaycanda dövlət qulluqçularına bayramlarda verilən mükafatlar, adətən il sonu ödənilən "13-cü maaş"lar ləğv edilir.
Yurd.Media xəbər verir ki, Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanun və digər qanunvericilik aktlarına görə, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.
Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.
Əvvəlki qaydalara əsasən isə dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsində əlavə vəsait ayrılırdı. Bu vəsaitin il ərzində həcmi əməkdaşın aylıq vəzifə maaşının üç misli qədər müəyyən edilirdi və əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi.
Beləliklə, aparılan dəyişikliklər nəticəsində əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin ediləcək, dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaradacaq.//Report