Ukraynanın İT xidmətləri və sistem inteqrasiyası sahəsində fəaliyyət göstərən şirkətinin Azərbaycan nümayəndəliyinə rəhbər təyinatı olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Rüfət Əzizov “Seeton Azerbaijan” şirkətinin ölkə üzrə rəhbəri (Country Manager) vəzifəsinə təyin olunub.
Rüfət Əzizov yeni təyinatından əvvəl 2022-ci ilin oktyabrından 2026-cı ilin sentyabrınadək “Noventiq” şirkətinin baş direktoru olub. Bundan əvvəl, 2022-ci ilin iyulundan sentyabrınadək “Softline Group”da baş direktor vəzifəsini tutub.
O, 2021-ci ilin avqustundan 2022-ci ilin iyununadək “Oracle” şirkətində bulud texnologiyalarının satışı sahəsində fəaliyyət göstərib.
Rüfət Əzizov 2017-ci ilin martından 2021-ci ilin iyun ayınadək “Microsoft” şirkətində müxtəlif vəzifələrdə çalışıb. Bu müddətdə istehlakçı kanalları üzrə tərəfdaşlarla iş, proqram təminatının lisenziyalaşdırılması və uyğunluğuna nəzarət, eləcə də həllərin qiymətləndirilməsi istiqamətlərində fəaliyyət göstərib.
O, 2014-cü ilin aprelindən 2017-ci ilin fevralınadək “Redmond Industrial Group”da marketinq meneceri, 2016-cı ilin martından 2017-ci ilin fevralınadək isə Azərbaycanda biznesin inkişafı üzrə menecer olub.
Rüfət Əzizov 2013-cü ilin iyunundan 2014-cü ilin martınadək “Humana Azerbaijan”da marketinq meneceri, 2009-cu ilin avqustundan 2013-cü ilin fevralınadək “MPG Azerbaijan”da müştəri xidmətləri direktoru, 2007-ci ilin noyabrından 2009-cu ilin avqustunadək “Publicis Azerbaijan”da hesab meneceri vəzifələrində çalışıb.
O, 2004-cü ilin iyulundan 2006-cı ilin iyununadək “NURGUN Group”da marketinq və strateji planlaşdırma üzrə menecer olub.
Qeyd edək ki, “Seeton Azerbaijan” İT xidmətləri və sistem inteqrasiyası sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət biznes və dövlət qurumları üçün informasiya texnologiyaları infrastrukturu qurur, proqram təminatı və avadanlıq həlləri təqdim edir.
“Seeton Azerbaijan” 2021-ci ildə yaradılıb və Ukrayna mənşəli “Seeton” şirkətlər qrupunun Azərbaycandakı nümayəndəliyidir. Qrup 2004-cü ildən sistem inteqrasiyası sahəsində fəaliyyət göstərir və Cisco, Dell Technologies, HP Enterprise, IBM, Microsoft və Oracle kimi texnologiya istehsalçıları ilə əməkdaşlıq edir.
Rüfət Əzizov