“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 545 007 995 yeni səhm buraxıb.
Yurd.Media xəbər verir ki, bununla da, səhmdar cəmiyyətinin nizamnamə kapitalının bu ilin aprel ayında 1 090 015 990 manat və yaxud 2,2 dəfə artırılaraq kapitalı 906 061 960 manatdan 1 996 077 950 manata çatdırılması səhmləşdirilib.
ADY Prezident İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib.
Bu il fevralın 25-də isə dövlət başçısı ADY-nin yenidən təşkil edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, ADY “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ona qoşulması ilə yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.