“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2024-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səhmdar cəmiyyəti il ərzində 14,5 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 3 dəfə azdır.
Maraqlıdır ki, 2024-cü ildə ilk dəfə ASCO-nun “xərci borcunu ödəməyib” – qurum 18,4 milyon manat əməliyyat zərəri ilə üzləşib. Halbuki, 2023-cü ildən 59,2 milyon manat əməliyyat mənfəəti ilə çıxıb.
Dövlət şirkətini bu dəfə əldə etdiyi 33,2 milyon manat maliyyə gəlirləri, eləcə də onun iştirakı ilə yaradılan birgə müəssisələrdən əldə etdiyi gəlirlərin 2,7 dəfə artaraq 18,2 milyon manata çatması xilas edib, əks halda ili zərərlə bitirərdi.
ASCO-nun maliyyə vəziyyətinin pisləşməsi diqqəti "Bibiheybət" Gəmi Təmiri Zavodunun bağlanmasına yönəldir. Bir qədər əvvəl zavodun portfeli "Bakı Gəmiqayırma Zavodu" MMC-yə ötürülüb.