Zərdab rayonunun Məmmədqasımlı kəndində yollar bərbad, məktəb və uşaq bağçasının binaları son dərəcə yararsız vəziyyətdədir.
Yurd.Media "Milli.Az"a istinadən xəbər verir ki, sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, məsələlərlə bağlı heç bir tədbir görülməyib.
Onların iddiasına görə, yolların bərbad vəziyyətdə olması səbəbindən təcili tibbi yardım belə kəndə çətinliklə daxil olur. Xüsusilə yağışlı və qarlı havalarda vəziyyət daha da ağırlaşır.
Kənddə fəaliyyət göstərən məktəb və uşaq bağçasının binalarının da təhlükəli durumda olduğu qeyd edilir. Sakinlərin sözlərinə görə, tikililərin beton hissələri istənilən an uşaq və müəllimlərin üzərinə uça bilər.
Bundan əlavə, məktəbdə istilik sisteminin olmadığı, binanın isə demək olar ki, dağılmaq üzrə olduğu bildirilir. Şikayətçilər vurğulayırlar ki, mövcud şərait uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradır və burada müxtəlif xəstəliklərin yayılması riski yüksəkdir.