Türkiyənin “Sistem Elektro Mekanik Tesisler Sanayi ve Ticaret Anonim Şirketi” Qubadlıda su anbarının tikintisinə cəlb olunur.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bərgüşadçay su anbarının tikintisi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Türkiyə şirkəti ilə razılaşıb və artıq bununla bağlı hazırlıqları başa çatdırıb.
Şirkətin təklif etdiyi vəsaitin miqdarı 51 milyon 765 min manat olub.
Xatırladaq ki, hələ 2022-ci ildə Bərgüşadçay su anbarının yeri topoqrafik və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq Qubadlı şəhərindən yuxarıda - Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilib.
Ümumi sututumu 67 milyon kubmetr olan bu su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar sahənin suvarma suyu ilə təmin edilməsinin və açıq kanal, yaxud təzyiqli boru vasitəsilə “Qız Qalası” hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün isə saniyədə 10 kubmetr suyun verilməsinin mümkünlüyü müəyyən edilib. Su anbarından suyun təzyiqli boru kəməri ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan 3 Su Elektrik Stansiyasının quraşdırılması mümkün olacaq.