Metronun "Sahil" stansiyasının yanında yeni stansiya tikiləcək.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə bildirib ki, "Nizami" stansiyasından sonra "Sahil" stansiyasının yaxınlığında inşa olunacaq yeni stansiyadan "Qırmızı xətt"ə keçid mümkün olacaq.
Onun sözlərinə görə, avtovağzaldan hərəkətə başlayan sərnişin həmin stansiyadan "Sahil" stansiyasına keçməklə "Həzi Aslanov" stansiyasına qədər başqa nəqliyyata minmədən yoluna davam edə biləcək.
Metro rəsmisi xatırladıb ki, B-04 stansiyası "Bənövşəti xətt"in "8 Noyabr"dan sonrakı stansiyası olacaq.
"Dövlət Proqramına uyğun olaraq "Bənövşəyi xətt" üzrə daha 5 stansiya inşa olunmalıdır. Həmin 5 stansiyadan biri, məsələn, B-04 stansiyasından sonrakı B-05 stansiyası "Nizami" stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirməsi işləri aparılır. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq.
"Avtovağzal" stansiyasında hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan "Nizami" stansiyasına keçməklə hərəkətini "Yaşıl xətt" üzrə davam etdirəcək", - deyə B.Məmmədov əlavə edib.