Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi (PHŞ) işğaldan azad edilmiş ərazilərdə su təchizatı ilə bağlı iki şirkətlə 15 milyon 597 min 314 manat məbləğində iki müqavilə bağlayıb.
Yurd.Media xəbər verir ki, "Protean Construction" ASC ilə 15 yaşayış məntəqəsi üzrə xarici su təchizatı sisteminin yenidən qurulması işlərinin satın alınmasına dair müqavilənin məbləği 13 milyon 686 min 968 manat təşkil edir. Satınalma bir mənbə metodu ilə həyata keçirilib. Layihə üzrə işlərin 30 sentyabr 2027-ci ilədək tamamlanması nəzərdə tutulur.
"Az Graft Construction" MMC ilə bağlanan müqavilə çərçivəsində altı yaşayış məntəqəsi üzrə xarici su təchizatı sisteminin yenidən qurulması işləri həyata keçiriləcək. Layihənin məbləği 1 milyon 910 min 346 manat müəyyənləşdirilib. Satınalma metodu bu layihə üzrə də bir mənbə olub. Müqavilə üzrə işlər 30 sentyabr 2027-ci il tarixində başa çatacaq. //Oxu.az