Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Biləsuvar rayonunda quraşdırılmış dayanacaqdan qopmuş üzlük daşlarını ərazidən yığışdırıb və yenilərini sifariş edib.
Bu barədə Dövlət Agentliyindən Yurd.Media tərəfindən işıqlandırılmış "Biləsuvarda yeni çəkilmiş yolun üstündə "ölüm" dayanacaqları" probleminə şərh verərkən bildirilib.
AAYDA bildirib ki, qeyd olunan hadisə ötən gün yol üzərində yerləşən dayanacaqlardan birində baş verib, məsələ ilə bağlı dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb və qopmuş üzlük daşlar operativ şəkildə ərazidən yığışdırılıb:
"Hazırda yeni üzlük daşların sifarişi artıq verilib və yaxın günlərdə sözügedən sahədə bərpa işlərinin aparılması planlaşdırılır. Bununla yanaşı, yol üzərində yerləşən digər 27 dayanacaqda da tərəfimizdən monitorinqlər həyata keçirilmişdir".