Azərbaycanın "Qarabağ" klubu tarixində ilk dəfə Almaniya təmsilçisini məğlubiyyətə uğradıb.
Yurd.Media xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Qarabağ" Almaniyanın "Ayntraxt" komandası ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda əvvəlcə ev sahibləri hesabda önə keçiblər.
4-cü dəqiqədə Kamilo Duran fərqlənib.
11-ci dəqiqədə isə qonaqlar hesabı bərabərləşdiriblər. Can Uzun adını tabloya yazdırıb.
İsveçrəli FIFA referisi Sandro Şererin idarə etdiyi oyunun birinci hissəsində başqa qol vurulmayib.
Oyunun ikinci hissəsində "Ayntraxt" mübahisəli vəziyyətdə penaltı vurmaq imkanı qazandı. 78-ci dəqiqədə qonaqların heyətində penaltini dəqiq yerinə yetirən Fares Chaibi komandasını hesabda irəli çıxarıb.
2 dəqiqə sonra isə Kamilo Duran Ağdam kollektivinin heyətində dublunu rəsmiləşdirərək yenidən hesaba tarazlıq gətirib - 2:2.
"Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb - 3:2.
Qeyd edək ki, hazırda "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində 10 xalı var. Ağdam təmsilçisi bu mərhələdə son oyununu səfərdə "Liverpul"a qarşı keçirəcək.