"Dünyanın müxtəlif bölgələrindən ən səviyyəli təlimçilər cəlb edərək məşqçilərin təlimlərini təmin edəcəyik".
Yurd.Media Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
ABF rəsmisi mərkəzin açılışının federasiyanın strateji planına uyğun olaraq həyata keçirildiyini vurğulayıb. Hüseynov ABF-nin əsas istiqamətlərindən birinin regionlarda boks infrastrukturunun inkişafına yönəldiyini deyib:
"Hesab edirəm ki, Sumqayıtdan sonra Lənkəranda belə möhtəşəm mərkəzin açılışı bu bölgədə boksun inkişafına daha da böyük töhfə verəcək. Artıq cənub bölgəsindən olan idmançılarımız məharətlərini dünya səviyyəsində göstəriblər. 2.5 hektar ərazidə belə infrastrukturun yaradılması bundan sonra da bu bölgədə boksun inkişafına ciddi təkan verəcək".
Hüseynov qarşıda görüləcək işlər barəsində də məlumat verib:
"Bundan sonra böyük ərazidə boks mərkəzi ilə yanaşı, idmançıların qalıb təlim keçmələri üçün əlavə yataqxananın tikilməsi də nəzərdə tutulub. Hesab edirəm ki, qısa müddətdə bu bölgədən Azərbaycanın bayrağını ən yüksək səviyyələrə qaldıracaq idmançılar çıxacaqlar.
Bu bölgədə uğurlu idmançılar yetişiblər. Sadəcə, infrastrukturun olmaması müəyyən çətinliklər yaradıb. Bundan sonra da bu bölgədə, eyni zamanda, Astara və Masallıda planımıza uyğun olaraq, boks zallarının açılmasını həyata keçirəcəyik".
"Qusarda da boks mərkəzinin açılması planımızda var. Hazırda orada yerlə əlaqədar icra hakimiyyəti ilə danışıqlarımız gedir. Hesab edirəm ki, bunu ilin ikinci yarısında həyata keçirəcəyik", - deyə ABF rəsmisi əlavə edib.
Qeyd edək ki, Cənub Regional Boks Mərkəzindən başqa, Bakı Boks Mərkəzi və Sumqayıt şəhər stadionunda Boks Təlim Mərkəzi də fəaliyyət göstərir.