Azərbaycanlı şahmatçı dünya reytinqinin liderinə qalib gəlməyi bacarıb.
Yurd.Media xəbər verir ki, Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Honkonqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.
Onun uğuru isə Azərbaycanın "Odlar Yurdu" komandasının turnirin əsas favoritlərindən biri olan "WR Chess" üzərində qələbəsinin başlıca amillərindən biridir. Matç Azərbaycan kollektivinin 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb. Karlsen üçün bu məğlubiyyət cari turnirdə ardıcıl dördüncü olub.
"WR Chess"in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər kimi dünya şahmatının ulduzları çıxış edirlər.
"Odlar Yurdu" turnirdə mübarizəni davam etdirir və növbəti turlardan sonra aktivində 13 matç xalı var. Komandanın heyətində Aydın Süleymanlı, Rauf Məmmədov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Günay Məmmədzadə, Vüqar Manafov, Nataliya Buksa və Murad Haşımov çıxış edirlər.
Rapid və blits üzrə komandalararası dünya çempionatı Honkonqda 16-22 iyun tarixlərində keçirilir. Yarışda 40-dan çox komanda iştirak edir və onların heyətlərində dünyanın ən güclü şahmatçıları çıxış edirlər.
Süleymanlının Karlsen üzərində qələbəsi oyun gününün əsas sensasiyalarından biri və Azərbaycan komandası üçün dünya birinciliyində mühüm nailiyyət olub.