Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları 12 medal qazandı

Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları 12 medal qazandı

  • 03 may 2025, 22:37

Qubada start götürən cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan təmsilçiləri ümumilikdə 12 medal qazanıblar.

Yurd.Media xəbər verir ki, bu medallardan 3-ü qızıl, 3-ü gümüş, 6-sı bürüncdür.

Oğlanlar arasında Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq), qızların yarışında isə Nuranə Hacızadə (48 kq) bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olublar.

Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq) və Leyla Ələkbərova (48 kq) gümüş medalla kifayətləniblər.

İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) isə bürünc medal qazanıblar.

Ümumilikdə bu gün 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qeyd edək ki, mayın 4-də yekunlaşacaq Avropa Kubokunda Azərbaycan 141 idmançı (100 oğlan, 41 qız) ilə təmsil olunur.