Bakı-Quba yolunda yük avtomobilinin minik maşınının üzərinə aşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, xilasedicilər tərəfindən minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Həmçinin, avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən Yurd.Media-ya bildirilib ki, saat 12:05 radələrində Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.
Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevretmə qaydalarına məhəl qoymamasını, eləcə də yol və hava şəraitini düzgün qiymətləndirmədən hərəkəti davam etdirməsini yolverilməz hesab edir. Ağırtonnajlı nəqliyyat vasitəsinin sükanı arxasında yol verilən məsuliyyətsizlik adi qayda pozuntusu deyil - digər insanların həyatını birbaşa təhlükə altına atan son dərəcə təhlükəli davranışdır. Bir sürücünün səhlənkarlığının günahsız insanların ölümü və ağır xəsarət alması ilə nəticələnməsi heç bir halda qəbul edilə bilməz.